Bakı. 16 may. REPORt.AZ/ Dövlət Sərhəd Xidmətinin Akademiyasında Bakı şəhəri üzrə məktəblərin təhsildə fərqlənən yuxarı sinif şagirdləri ilə görüş keçirilib.
"Report" xəbər verir ki,
Akademiyanın rəisi general-mayor Araz Məmmədov deyib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasəti hazırda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. O, əldə olunan yüksək nailiyyətlər, akademiyanın yaradılması və inkişafı, yüksək ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması sahəsində qazanılan müsbət nəticələr barədə ətraflı məlumat verib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik-leytenant Azər Babayev hərbi vətənpərvərlik təbliğatı ilə bağlı bir çox tədbirlərin keçirildiyini, bu işin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonra Sərhəd Qoşunlarının xidməti-döyüş fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Akademiyada yaradılan məişət şəraiti və təlim-tədris prosesi ilə yaxından tanış olduqdan sonra şagirdlər çay süfrəsi arxasında kursantlarla söhbət ediblər.





