​Deputatlar və jurnalistlər cəbhə bölgəsində hərbçilərlə görüşüb

​Deputatlar və jurnalistlər cəbhə bölgəsində hərbçilərlə görüşüb “N” saylı hərbi hissənin zabiti: “Azərbaycan Ordusu erməni silahlı birləşmələrinə layiqincə cavab verir”
Hərbi
15 Avqust , 2015 21:06
​Deputatlar və jurnalistlər cəbhə bölgəsində hərbçilərlə görüşüb

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dair təbliğatın aparılması” layihəsi çərçivəsində Milli Məclisin bir qrup deputatı, KİV nümayəndələri və QHT təmsilçiləri cəbhə bölgəsində səfərdə olublar.

“Report”un əməkdaşının da iştirak etdiyi səfərin təşkilində məqsəd ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində KİV-lərə şərait yaratmaq, hərbi və müdafiə sahəsində görülən işlərin cəmiyyətə çatdırılmasından ibarət olub.

Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi və Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə təşkil edilən səfər çərçivəsində deputatlar və KİV nümayəndələrinin cəbhənin Göygöl və Tovuz rayonları istiqamətində hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilib.

Nümayəndə heyəti ön xətdə xidmət edən əsgər və zabitlərin yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə tanış olub, Azərbaycanın işğal altında olan ərazilərini müşahidə ediblər.

Qonaqlara ön xətdəki mövcud vəziyyət, əsgərlərin xidməti döyüş şəraiti barədə məlumat verilib.

Milli Məclisin deputatları Fuad Muradov, Rövşən Rzayev əsgər, gizir və zabitlərin qarşısında çıxış edib.

“N”saylı hərbi hissənin zabiti Elşad Əbilov isə çıxışında əsgərlərin və zabitlərin böyük ruh yüksəkliyində olduğunu deyib, təmas xəttindəki postlarda xidmət üçün yüksək səviyyəli şərait yaradıldığını bildirib. O, qeyd edib ki, Azərbaycan Ordusu düşmənin istənilən hücum və təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinə layiqincə cavab verir.

Səfərdə iştirak edən KİV nümayəndələri isə ön cəbhədə olan hərbiçilərlə, əsgərlərlə söhbət zamanı bir daha əmin olublar ki, onlar düşmənin istənilən həmləsinin qarşısını alır, təmas xəttindəki postlarımızda ayıq-sayıq Vətənin keşiyində dayanırlar.

Düşmənlə üz-üzə Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanan, düşmən kəşfiyyat-təxribat qruplarının qarşısını mərdliklə alan, hər gün atəşkəs rejimini bir neçə dəfə pozan Ermənistan silahlı bölmələrinin vaxtında layiqli cavabını verən əsgər və zabitlərlə görüşlər onların Azərbaycan ordusuna və qələbəyə inamını daha da artırıb.

Səfər iştirakçıları döyüşçülərlə səmimi söhbətlər edib və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanacaq döyüşlərdə onlar da Vətən əsgərləri ilə bir yerdə olacaqlarını bildiriblər.

Zabitlər, əsgərlər qonaqlara minnətdarlıqlarını bildirərək onları əmin ediblər ki, bundan sonra da Vətənimizin və xalqımızın milli təhlükəsizliyini etibarla qoruyacaq, əsgəri borclarını şərəflə yerinə yetirəcəklər.

PJB sədri Elşad Eyvazlı jurnalistlərə yaratdığı bu cür şəraitə görə Müdafiə Nazirliyi rəhbərliyinə, bu layihəyə dəstək verdiyinə görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edib. O, bu cür layihələrin davamlı olacağını söyləyib. 

Son xəbərlər

Orphus sistemi