Sentyabrın 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. Ekspertlər bildirir ki, bu, Ermənistanın revanşist siyasətinin nəticəsidir. Politoloqların sözlərinə görə, indi baş verənlər 2020-ci ildəki Tovuz döyüşlərini xatırladır. Belə ki, Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Son hadisələr bir daha təsdiqlədi ki, İrəvanın regiondakı yeni reallıqları dəyişdirmək istiqamətində atdığı addımlar ən çox bu dövlətin özünə ziyandır.
Deputat Cavid Osmanov “Report”a deyib ki, son təxribatlar Ermənistanın revanşist siyasətini bir daha nümayiş etdirir:
“Bu, qarşı tərəfin yeni reallıqları qəbul etmədiyini göstərir”.
Deputatın sözlərinə görə, Ermənistan Azərbaycana qarşı uzun müddətdir təxribatlar hazırlayırdı:
“Yayılan dezinformasiyalar, üçtərəfli razılaşmaların şərtlərindən boyun qaçırılması bu məqamı təsdiqləyir. Ümumiyyətlə, İrəvan indiyədək əldə olunan bütün razılıqları sabotaj edir. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistan öz ordusunu bərpa etməyə çalışırdı. Ermənistan ABŞ, Rusiya və Avropa ölkələri ilə təmaslar nəticəsində ordu quruculuğu prosesini sürətləndirməyə çalışırdı. Həmçinin dövlət sərhədində erməni hərbi birləşmələrinin cəmləşdiyi müşahidə olunurdu. Ermənistan baş naziri Nikol Paşinyan Vladivastok səfəri çərçivəsində növbəti təxribatlara, revanşist cəhdlərə işarə vurmuşdu. Əlbəttə, Azərbaycan Ordusunun qətiyyəti, ayıq-sayıqlığı nəticəsində provokasiyaların qarşısı alındı. Qarşı tərəfin 200-dən artıq canlı qüvvəsi məhv edildi, mühüm strateji yüksəkliklərdə nəzarətimizi təmin etdik”.
C.Osmanov vurğulayıb ki, baş verənlər 2020-ci ildəki Tovuz döyüşlərini xatırladır:
“Eyni ssenari təkrarlanır. Biz o vaxt olduğu kimi, yenə də düşmənin sabotaj cəhdini qətiyyətlə almışdıq. Əsas fərq ondan ibarət idi ki, o zaman torpaqlarımız işğal altında idi. İndi isə biz tarixi ərazilərimizi azad etmişik. Bir sözlə, Ermənistanın bundan sonrakı təxribatlarının qarşısı da alınacaq. Ümumiyyətlə, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasını istəmir. Düşmənin ərazi iddiaları davam edir. Bununla əlaqədər olaraq beynəlxalq ictimaiyyət qarşı tərəfə təzyiqləri artırmalıdır”.