Bakı. 14 dekabr. REPORT.AZ/ Beyləqan rayonunda top mərmisi tapılıb.
Bu barədə "Report"a Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Bildirilib ki, dekabrın 13-də axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Beyləqan şəhəri, Birinci Şahsevən kəndi ərazində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Havanın qaranlıq olması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dekabrın 14-də həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalının kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunan top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
![](https://static.report.az/photo/6d1e15d6-fc44-487a-a0da-b76e1487be43_300.jpg)
![](https://static.report.az/photo/84c6d036-0842-4911-99aa-c09b923c0440_300.jpg)