Bir neçə gün əvvəl Türkiyədə təcili eniş etmiş Azərbaycanın Mİ-17 hərbi helikopterində yaranmış texniki nasazlıq ekspert qrupu tərəfindən tam aradan qaldırılıb və o uçuşa hazır vəziyyətə gətirilib.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, hərbi helikopterin mühərrikində yaranmış nasazlıq aradan qaldırılıb və sınaq uçuşundan sonra 6 hərbçi ilə birlikdə Ordu əyalətinə, bundan sonra isə Amasiyaya uçub.
Qeyd edək ki, hadisə mayın 20-də yerli vaxtla saat 19:00-da Tirebolu rayonunda baş verib. Altı hərbçinin olduğu helikopter texniki nasazlıq səbəbindən təcili eniş edib. Helikopterə ekspertlər tərəfindən baxış keçirilib və o, təmir işlərindən sonra, mayın 21-də növbəti sınaq uçuşu həyata keçirib. Lakin helikopter səmaya qalxdıqdan 5 dəqiqə sonra texniki nasazlıqla əlaqədar yenidən eniş edib. Bundan sonra helikopterdə yenidən təmir işləri aparılıb.