Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə Bakıda keçirilən “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi başa çatıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hər üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunması ilə keçirilən təlimdə strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təlimin başa çatması münasibətilə tədbir keçirilib.
Tədbirdə qeyd edilib ki, təlimin keçirilməsində əsas diqqət Azərbaycan, Türkiyə və Gürcüstanın silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəldilib. “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş bütün tapşırıqların uğurla yerinə yetirildiyi diqqətə çatdırılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və birgə xatirə fotosu çəkdirilib.