Bir neçə gündür ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində “Vətən müharibəsinin Zəfər bayraqlarına düzlən!” devizi altında vətənpərvərlik tədbirləri keçirilir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
“Dəmir Yumruq” əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsinin Zəfər bayraqları təntənəli surətdə tədbirlər keçirilən məkanlara gətirilir, ədəbi-bədii nümunələrlə qələbəyə gedən yollar tərənnüm edilir, müharibənin xronikasına nəzər salınır, şəhidlərin xatirəsi ehtiramla yad olunur, qazilər, müharibə iştirakçıları cəbhə xatirələrini bölüşür, kitab təqdimatları təşkil edilir, sənədli filmlər, videoçarxlar nümayiş etdirilir, ümumiyyətlə, erməni faşizmi üzərində qazandığımız şanlı qələbə şəxsi heyət arasında geniş təbliğ olunur.
Şəmkir və Gədəbəy rayonları ərazisində yerləşən hərbi hissələrdə keçirilən tədbirlər şəxsi heyətin böyük marağına səbəb olmaqla yanaşı, həm də hər bir hərbi qulluqçunun döyüş ruhunu, mənəvi-psixoloji hazırlığını, o cümlədən vətənpərvərlik hissini daha da yüksəldir.
Tədbirlərdə layihənin müəllifi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək nəzərə çatdırıb ki, hələ 2018-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev demişdir: “Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayraqları bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”.
A.Qurbani qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın bu arzusu, istəyi, uzaqgörən fikri çox çəkmədi ki, gerçəkləşdi və Azərbaycan xalqı, dövləti və Ordusu işğal edilmiş əzəli tarixi torpaqlarını son 200 il ərzində ilk dəfə güc yolu ilə azad etdi. Bu möhtəşəm qələbə, bu şanlı Zəfər xalqımızın sağlam mənəvi birliyinin, həmrəyliyinin, dövlətimizin qüdrətinin, rəşadətli Ordumuzun gücünün və Azərbaycan Prezidentinin siyasi iradəsinin, qətiyyətinin, hücum diplomatiyasının və Ali Baş Komandanımızın dəmir yumruğunun qələbəsidir.
Mədəniyyət paytaxtımız Şuşa şəhərində, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın rayonlarında, eləcə də Xudafərin körpüsündə, Hadrut qəsəbəsində və Suqovuşan yaşayış məntəqəsində ucaldılan Zəfər bayraqlarının Vətən müharibəsində fərqlənən döyüşçülər tərəfindən təntənəyə gətirilməsi hər bir döyüşçünün Vətən sevgisini, qələbə əzmini, torpağa bağlılığını daha da artırıb.
Gədəbəyin etibarlı şəkildə müdafiə olunan guşələrindən birində təşkil olunan tədbirdə rayonun Qaramurad kəndindən olan el ağsaqqalı Qasım baba nəvəsi, tibb xidməti baş leytenantı Şöhrət Şakir oğlu Qasımovun müqəddəs Vətən savaşında hərbi hissənin tibb xidməti rəisi kimi fəal iştirakından, döyüş meydanında yaralılara ilk tibbi yardım göstərilməsi və onların təxliyyə olunmasında göstərdiyi fədakarlıqlardan iftixarla danışıb, dövlətimizin başçısının onu ölümündən sonra orden və medallarla təltif etdiyindən qürur duyduğunu deyib və əsgərlərə arzu edib ki, şəhidlərimizin qanı bahasına zirvələrə sancılan bu bayraqlara düzlənərək bundan sonra da Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etsinlər.
Ağsaqqalın uca səslə dediyi “30 il bundan qabaq bu dağlarda, Başkənd əməliyyatında mən də könüllü olaraq vuruşmuşam. İndi 85 yaşım olmasına baxmayın, bu sinnimdə də sizinlə birlikdə erməni quldurlarına qarşı döyüşməyə hazıram!” sözlərini döyüşçülər ayaqüstdə alqışlayıblar.
Qasım babaya Müdafiə Nazirliyinin nəşri olan “Vətən müharibəsi şəhidləri” silsiləsindən yenicə çapdan çıxmış birinci kitabın nüsxəsi təqdim olunub. Bu kitabda tibb xidməti baş-leytenantı Ş.Qasımovun həyat və döyüş yolu haqqında da geniş məlumat verilir. Ağsaqqal kitabı öpərək qəbul edib və minnətdarlığını bildirib.
Bir an içində havanın kəskin dəyişməsi, ildırım çaxması, şimşək oynaması və yay yağışının başlamasına baxmayaraq tədbir davam edib.
Əməkdar artist Cahangir Qurbanovun və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin digər üzvlərinin ifasında təqdim edilən “Döyüş bayrağı”, “Qələbəyə gedən yollar”, “Qalib sərkərdə”, “Müzəffər Ordumuz”, “Biz gəlmişik, Qarabağ!” mahnıları, şeirlər, rəqslər böyük maraqla qarşılanıb.
Azərbaycanın Milli Qəhrəmanı şəhid İlham Əliyevin bacısı oğlu, Cəbrayıl, Qubadlı və Laçın döyüşlərinin iştirakçısı, ehtiyatda olan çavuş Etibar Əliyev bu gün bayraqdarlar qrupuna başçılıq etmək etimadını qazandığına görə komandanlığa minnətdarlıq edib, ordudan tərxis olunmasına baxmayaraq hər an Ali Baş Komandanın əmrlərinə yenə də hazır olduğunu bildirib.
Hərbi hissə komandirinin müavini polkovnik Rasim Manafov tədbirin təşkilatçılarına və yaradıcı heyətə minnətdarlıq edərək böyük inam hissi ilə bəyan edib ki, qoy təcavüzkar Ermənistan və onların havadarları birdəfəlik bilsinlər: Vətən müharibəsinin Zəfər bayraqları etibarlı əllərdədir və bu bayraqlar heç zaman enməyəcəkdir!