Azərbaycan Ordusunda 2023-cü il ərzində 143 taktiki-xüsusi, 261 taktiki, 8 taktiki uçuş, 7 gəmi-döyüş, 4 komanda-qərargah səfərbərlik təlimi, komando başlanğıc və snayper hazırlığı kursları keçirilib.
"Report" xəbər verir ki, bu barədə yanvarın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin rəsmiləri ilə media nümayəndələri arasında keçirilən görüşdə bildirilib.
Görüşdə Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının hesabatının təqdimatı, eləcə də hərbi mövzuda xəbər hazırlayan və yazılar yazan jurnalistlər, həmçinin hərbi ekspertlər ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, kommunikasiya sahəsində mövcud olan problemlərin dinlənilməsi və növbəti ildə icra ediləcək fəaliyyətlər müzakirə olunub.
Qeyd olunub ki, hərbi qulluqçular Azərbaycanda və digər ölkələrdə keçirilən 21 beynəlxalq təlimdə iştirak edib.
Hesabata əsasən, tədbirlərin işıqlandırılması və nazirliyin kommunikasiya strategiyasının icrası ilə bağlı Müdafiə Nazirliyi tərəfindən 2023-cü il ərzində ümumilikdə 955 məlumat, 4224 foto və 403 videomaterial rəsmi internet səhifəsində və sosial media hesablarında paylaşılıb. Məlumatlardan 854-ü rus və ingilis dillərinə tərcümə edilib.
İl ərzində media subyektləri tərəfindən Azərbaycan Ordusunun maddi-texniki bazasından istifadə edilməklə çəkilişlərin aparılması məqsədilə ünvanlanmış 186 məktub icra olunub.
Müraciətlərə əsasən təşkil olunmuş çəkilişlərdə 11 dövlət qurumu, 160 yerli media subyekti, 6 ictimai birlik, 9 prodakşn, radio, xarici media və media mərkəzləri iştirak edib.
Bundan başqa, 171 media subyektinin 347 nümayəndəsinin iştirakı ilə hərbi hissələrə 26 media-tur təşkil edilib. Burada müxtəlif mövzularda çəkilişlər təşkil olunub və hərbi qulluqçuların gündəlik fəaliyyəti jurnalistlərə təqdim edilib. Media nümayəndələri tərəfindən daxil olan 91 sorğu cavablandırılıb.