Azərbaycan Ordusunda nizam-intizama necə əməl olunur? - RƏY

Azərbaycan Ordusunda nizam-intizama necə əməl olunur? - RƏY “Azərbaycan Ordusunda nizam-intizama əməl olunması və cinayətlərin qarşısının alınması ilə bağlı ciddi irəliləyişlər əldə edilib”.
Hərbi
3 Fevral , 2020 14:07
Azərbaycan Ordusunda nizam-intizama necə əməl olunur? - RƏY

“Azərbaycan Ordusunda nizam-intizama əməl olunması və cinayətlərin qarşısının alınması ilə bağlı ciddi irəliləyişlər əldə edilib”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, ötən illərlə müqayisədə Silahlı Qüvvələrdə bu sahədə vəziyyət əsaslı şəkildə dəyişib: “Orduda nizam-intizamın pozulması ilə bağlı çox cüzi məlumatlar daxil olur. Biz bu barədə digər mənbələrlə də maraqlanırıq və onu rəsmi informasiyalarla tutuşdurduqda aydın olunur ki, ordumuzda qayda-qanuna əməl olunması sahəsində ciddi irəliləyişlər var. Düşünürəm ki, belə faktların sayı artıq nəzərə alınacaq dərəcədə azalıb”.

Ə.Verdiyevin sözlərinə görə, Azərbaycan Ordusunda cinayətlərin sayının azalması həm Silahlı Qüvvələrin yüksək rəhbərliyinin, həm də komandir heyətinin atdığı qəti addımların nəticəsidir.

 Hərbi ekspert Ədalət Verdiyev
Hərbi ekspert Ədalət Verdiyev

Ekspert bildirib ki, nizam-intizam ordunun döyüş qabiliyyətini təyin edən ən vacib amillərdən biridir: “Yəni silah-sursat, döyüş hazırlığından əvvəl ordunun intizamı vacibdir. İntizamı olmayan ordu dünyanın ən güclü silahları ilə belə müvəffəqiyyət qazana bilməz. Ona görə də orduda nizam-intizam daim ilk yerdə olmalıdır. Diqqət etsəniz, orduda ilin yekunları ilə bağlı tədbirlər keçirilən zaman ötən dövr ərzində nizam-intizamın səviyyəsinə qiymət verilir, sonra isə digər məsələlər gəlir. Ona görə də bu məsələnin yüksək səviyyədə olması, Nizamnaməyə hər addımda əməl olunması məsələsi çox vacibdir və daim aktual olan bir mövzudur”.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınan özünü öldürmə həddinə çatdırma cinayətlərinin 22,2%, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin 91,7%, xuliqanlıq cinayətlərinin 14,3%, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin 15,5%, qulluğa səhlənkar yanaşma cinayətlərinin 41,2%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətlərinin 50,0%, hərbi xidmətdən yayınma cinayətlərinin 14,1%, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 30,2%, fərarilik cinayətlərinin isə 28,6% azaldığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi