Azərbaycan milli hərbi aviasiyasında xüsusi xidməti olan ukraynalı pilotun yubileyi qeyd olunub - VİDEO

Azərbaycan milli hərbi aviasiyasında xüsusi xidməti olan ukraynalı pilotun yubileyi qeyd olunub - VİDEO Yubiley Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil edilib
Hərbi
31 May , 2021 15:14
Azərbaycan milli hərbi aviasiyasında xüsusi xidməti olan ukraynalı pilotun yubileyi qeyd olunub - VİDEO

Azərbaycanın müstəqilliyinin ilk illərində milli hərbi aviasiya kadrlarının formalaşmasında fəal iştirak edən, keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin (HHQ) ukraynalı hərbi pilotu, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvarevin Kiyevdə 60 illik yubileyi qeyd olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, yubiley Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil edilib.

Məlumat üçün bildirək ki, 1982-ci ildə hərbi aviasiya məktəbini bitirdikdən sonra bir çox ölkədə, o cümlədən Əfqanıstan, Özbəkistan və Tacikistanda xidmət edib. 1989-cu ildə döyüş helikopterlərinin peşəkar pilotu kimi Azərbaycanda hərbi xidmətini davam etdirib. 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan milli ordusu sıralarında xidmət edib. 1992-ci ildən bəri cəbhə bölgəsində bir neçə əməliyyat uçuşu həyata keçirib. 1992-1994-cü illərdə Qarabağ döyüşlərində bilavasitə iştirak etmiş ehtiyatda olan polkovnik-leytenantdır. O, 1995-ci ildə Bakını tərk edərək Ukraynaya qayıdıb. O, bu müddətdə Azərbaycan ordusunda milli hərbi aviasiyanın kadr ehtiyyatının formalaşmasında xüsusi xidmətlər göstərib.

Yubiley mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdində Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik İlqar Ağayev, hərbi atteşenin baş köməkçisi Emil Allahverdiyev, yubilyar və onun ailə üzvləri, yaxınları iştirak ediblər.

İ.Ağayev çıxışında A.Şvarevin Azərbaycan uğrunda xidmətlərini xatırladaraq bir daha ona minnətdarlığını bildirib, azərbaycanlılar adından təbriklərini çatdırıb. O, səfir Elmira Axundovanın da təbriklərini çatdırıb, fövqəladə və səlahiyyətli səfirin hərbi pilota ünvanladığı Fəxri Fərmanı təqdim edib.

A.Şvarev təşəkkür edərək deyib ki, onun hərbi fəaliyyəti dövründə I Qarabağ müharibəsi onun üçün xüsusi əhəmiyyət kəsb edir. O, 30 ildən sonra Azərbaycan Ordusunun başda Ali Baş Komandan İlham Əliyev olmaqla işğala son qoyması münasibətilə təbrik edərək bu sevinci bölüşdüyünü bildirib.

Mərasimdə A.Şvarevin döyüş xatirələrindən geniş söhbət açılıb.

Son xəbərlər

Orphus sistemi