Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan 2015-ci il fevral ayının 22-26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçiriləcək IDEX-2015 beynəlxalq müdafiə sənayesi sərgisində iştirakını təsdiqləyib.
"Report"un verdiyi xəbərə görə, sərgi iştirakşıları Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin qabaqcıl texnologiyaları və məhsulları ilə tanış ola biləcəklər.
Xatırladaq ki, Azərbaycan ilk dəfə IDEX sərgisində 2011-ci ildə iştirak edib. Həmin vaxt Azərbaycanın stendində təqdim olunan "İstiqlal" snayper tüfəngi sərgi iştirakçılarında böyük marağa səbəb olub.
Ötən il Azərbaycan sərgidə qonaq kimi iştirak etmişdi.
Qeyd edək ki, Yaxın Şərqdə ən iri müdafiə sərgisi olan IDEX iki ildən bir BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın hamiliyi altında keçirilir. Sərgidə müntəzəm olaraq müdafiə sənayesinin ən məşhur şirkətləri iştirak edir və öz qabaqcıl texnologiyalarını nümayiş etdirirlər.