Azərbaycan bu il sentyabrın 6-8-də Bakıda keçiriləcək IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində əvvəlkilərdən fərqli olaraq istehsal etdiyi ən son müasir silahlarını nümayiş etdirəcək.
"Report" xəbər verir ki, bu barədə müdafiə sənayesinin nazirinin müşaviri Arif Babayev bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, sərgidə təyyarə, aviasiya, zirehli döyüş sistemləri, hərbi geyim və ləvazimatlar, pilotsuz aparatlar, eyni zanmanda 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında mühüm rol oynamış silahlar nümayiş etdiriləcək.
A.Babayev bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutacaq tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib: "Sərgidə 32 ölkədən 208 şirkət iştirak edəcək. Onların arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri da yer alacaq. Sərgiyə ilk dəfə olaraq, İordaniya şirkətləri də qatılacaq. Bu il 8 ölkə milli stendləri ilə iştirak edəcək. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar".
Qeyd edək ki, sentyabrın 6-8-də Bakıda IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə (Securex Caspian) sərgiləri keçiriləcək.
ADEX və Securex Caspian sərgilərinin layihə meneceri Ülkər Qasımova deyib ki, bu il ilk dəfə sərgiyə sponsorluq edən şirkətlərin də sayında artım var: "Sərginin baş sponsoru “Jadara Equipment&Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir".