"Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik".
"Report" xəbər verir ki, bunu Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib.
"Bizim Prezidentimiz son 20 ildə bu işdə inanılmaz iradə göstərdi. Müdafiə sənayesində yerli məhsulların xarici məhsullara nisbəti 20 il əvvəl yüzdə 20 faiz təşkil edirdisə, bu gün bu nisbət əks göstəricidir. İndi Türkiyə ordusunda yüzdə 80 faiz yerli müdafiə sənayesi məhsullarından istifadə olunur. İki qardaş ölkə arasında əməkdaşlıq hər sahədə davam edir. Müdafiə sənayesi sahəsində də birgə istehsal, inkişaf mövzuları prioritetdir. Bir az əvvəl qeyd etdiyim kimi, 1998-ci ildən etibarən ASELSAN-ın Azərbaycanda “ASELSAN-Bakı” şirkəti fəaliyyət göstərir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN arasında, xüsusilə elektrooptika və gecəgörmə sistemləri ilə bağlı birgə istehsalat fəaliyyətləri həyata keçirilir. Son illərdə bələdçi dəstlərlə bağlı bəzi birgə fəaliyyətlərimiz də var", - o bildirib.
H.Görgün hesab edir ki, gələcəkdə müdafiə sənayesi sahəsində birgə müəssisələrin təşkili, birgə məhsulların istehsalı reallaşacaq: "Onu da qeyd etmək istərdim ki, bu sahədə texnologiyanı bilən, sevən, yaradıcı, innovativ universitet məzunlarına, beyin kapitalına ehtiyac var. Buna görə gələn il biz Texnofesti Azərbaycanda təşkil edəcəyik. Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik".