Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi Ağdam rayonunun işğaldan azad olunan Maqsudlu kəndi ərazisindən keçən Xaçın su kanalını, Baş Qərvənd, Boyəhmədli kəndlərinin ərazisini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, həmin ərazilərdən indiyə kimi çox sayda mina və partlamamış hərbi sursatlar aşkarlanıb.
Hazırda FHN əməkdaşları Ağdamın Novruzlu və Mərzili kəndlərində minatəmizləmə fəaliyyəti həyata keçirirlər.
FHN-in Xususi Riskli Xilasetmə Xidmətinin Mina əleyhinə xususi təyinatlı taborunun qərargah rəisi Səbuhi Sarıyev "Report"un Qarabağ bürosuna açıqlamasında bildirib ki, ermənilər ərazilərin minalanması prosesini həyata keçirərkən minaların təmizlənməsini əngəlləmək üçün müəyyən süni maneələr yaradıblar: "Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir. Bu vaxta qədər Ağdamın bir neçə istiqamətində - əsasən yaşayış məntəqələri, su hövzələri, yolların keçdiyi ərazilərdə təmizləmə işləri həyata keçiririk".
S.Sarıyev onu da qeyd edib ki, minatəmizləmə işləri zamanı bütün minalı ərazilərdə çox sayda metal qırıntıları aşkarlanır: "Bu da minatəmizləmə işlərinin operativliyini azaltmağa yönələn addımdır. Belə ki, mina sahəsində bu cür metal qırıntıları detektorda təhlükə siqnalının işə düşməsinə səbəb olur. Bu isə əlavə vaxt itkisi deməkdir".