"Rosoboroneksport" Bakıda keçiriləcək "ADEX 2024" beynəlxalq müdafiə sənayesi sərgisində barraj döyüş sursatına malik "Lancet-E" kompleksini, eləcə də PUA-lara radioelektron əks təsir vasitəsini ilk dəfə olaraq xaricdə nümayiş etdirəcək.
"Report" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
“Sərgidə iştirak edəcək 12 Rusiya şirkəti bütün növ Silahlı Qüvvələr, polis və terrorla mübarizə bölmələri üçün məhsullar təqdim edəcəklər”, - məlumatda qeyd olunub.
Şirkətin baş direktoru Aleksandr Mixeyevin sözlərinə görə, Rusiya və Xəzər regionu ölkələri arasında uzunmüddətli mehriban qonşuluq münasibətləri var. Bu, hərbi-texniki əməkdaşlıq sahəsinə də aiddir.
Qeyd olunub ki, aviasiya seqmentində “Su-35” çoxməqsədli supermanevrli qırıcı, “Ka-52E” döyüş kəşfiyyatı və hücum helikopteri, “Mi-17V-5” hərbi-nəqliyyat helikopteri və “Orlan-10E” kəşfiyyat pilotsuz uçan aparatı təqdim olunacaq.
Sərgi 24-26 sentyabr tarixlərində keçiriləcək.