“Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi texnikasını darmadağın etdi”.
“Report” xəbər verir ki, bu fikirlər ABŞ-ın “Vice.com” saytında dərc olunan məqalədə əksini tapıb.
Müəllif Mettey Qaltın “Vurulmuş tanklar Rusiyanın hərbi uğursuzluqlarının simvoludur” sərlövhəli məqaləsi Rusiya-Ukrayna müharibəsinə həsr olunub. Lakin müəllif döyüşlər barədə təhlil aparan zaman Azərbaycan Ordusunun II Qarabağ müharibəsindəki peşəkarlığına xüsusi diqqət ayırıb.
Məqalədə vurğulanıb ki, Ukrayna Azərbaycanın Qarabağ müharibəsində istifadə etdiyi silahlara malikdir.
“O vaxt hazırda Ukraynanın əlində olan silahlardan da istifadə olunurdu. Çox güman ki, ruslar məhz həmin hadisədən sonra tanklarında sipərdən istifadə etməyə başladılar. Bu gün Rusiyanın minlərlə tankı var. Amma onlar zəifdir, tez sıradan çıxır. 2021-ci ilin noyabrında bir rus tankının palçıqdan çıxa bilmədiyini əks etdirən video yayılmışdı. Rusiyanın bu müharibədə nə qədər tank itirdiyini dəqiq hesablamaq çətindir. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə bu material hazırlanana qədər Rusiya təxminən 1 500 zirehli texnika itirib. Müstəqil ekspertlər isə bu rəqəmin 800-ə yaxın olduğunu düşünürlər”, - müəllif vurğulayıb.