Ziya Məmmədovun sabiq müşavirinin qohumunun apellyasiya şikayəti təmin edilməyib

Ziya Məmmədovun sabiq müşavirinin qohumunun apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
11 Sentyabr , 2017 14:50
Ziya Məmmədovun sabiq müşavirinin qohumunun apellyasiya şikayəti təmin edilməyib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Əhmədovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyev, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya qarşı mənimsəmədə ittiham edilib. İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Törətdiyi əmələ görə 2016-cı ilin aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Xatırladaq ki, R.Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. Daha sonra Ç.Baxşıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. Ç.Baxşıyev şərəf və ləyaqətinin alçaldıldığını bildirərək R.Əhmədov barəsində CM-nin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə R.Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib. Hökmdən narazı qalan R.Əhmədov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi