Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsində "Zaminbank"ın rəhbəri ifadə verib

Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsində "Zaminbank"ın rəhbəri ifadə verib Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.
Hadisə
6 Aprel , 2018 12:24
Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsində Zaminbankın rəhbəri ifadə verib

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nadir İsmayılov ifadə verib.

O bildirib ki, "Zaminbank"ın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb və R.Heybətovla eyni binada yaşayıb: "Rövşən məni Elnurla tanış etdi. Bankdan pulköçürmə ilə bağlı maraqlandı. Mən bankın Müşahidə Şurasının sədri işləyirdim. Ona pulköçürməni izah etdim. Daha sonra onları görmədim. Elton müəllim zəng elədi, onunla görüşdüm. Dedi ki, bu məsələni həll edin. Sonra bankda Rövşənlə görüşdüm, ona dedim sənə ayıbdı, biz dost olmuşuq. Rövşənin yaşadığı binanı biz tikmişdik, o da dedi pulun əvəzində 4 otaqlı evimi verirəm. Bunu da Elton müəllimə dedim. Rövşən evinin baha olduğunu deyib əlavə pul istədi, iş uzandı".

N.İsmayılov "Zaminbank"la Türkiyəyə pul köçürülmədiyini deyib.

Dövlət ittihamçısı vəsatət qaldırıb.

O qeyd edib ki, "Zaminbank"ın Müşahidə Şurasının sədri Nadir İsmayılov və işçisinin Türkiyəyə pul köçürülməsi ilə bağlı cinayət işinin başlanması üçün matereal ayrıca icraata ayrılıb. Prokuror həmin materealın nəticəsi ilə bağlı sorğu göndərilməsini istəyib.

Vəsatət təmin edilib.

Proses aprelin 17-dək təxirə salınıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov tanınır.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, R.Heybətovun onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İttiham aktına görə, E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İttihama görə, R.Heybətov E.Məmmədovun 210 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, E.Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Son xəbərlər

Orphus sistemi