Zığ şossesindəki binanın yanma səbəbləri və dəymiş ziyan dəqiqləşməyib - REPORTAJ

Zığ şossesindəki binanın yanma səbəbləri və dəymiş ziyan dəqiqləşməyib - REPORTAJ Dövlət binadan təxliyə olunan bütün ailələrə müvəqqəti kirayədə yaşamaq üçün 500 manat vəsait ödəyib
Hadisə
13 Aprel , 2015 15:21
Zığ şossesindəki binanın yanma səbəbləri və dəymiş ziyan dəqiqləşməyib - REPORTAJ

Bakı. 13 aprel. REPORT.AZ/ Zığ şossesi 16 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasında baş verən yanğının səbəbləri və sakinlərə dəyən ziyan hələlik dəqiqləşməyib. "Report"un əməkdaşları yanğının baş verdiyi binada olub, sakinlərin durumu ilə maraqlanıblar.

Zəngilandan olan məcburi köçkün Əvəz Əliyev bildirib ki, məskunlaşdıqları binanın fasadını üzləmək üçün qurulan taxta konstruksiyalar qəfildən yanmağa başlayıb. Onun sözlərinə görə, 107 mənzilli binada 408 nəfər sakin yaşayırdı və onların hamısı təxliyə edilib: "Binadan köçürülən bütün ailələrə müvəqqəti kirayədə yaşamaq üçün dövlət 500 manat vəsait ödəyib. Düzdür, biz bilmirik neçə ay kirayədə qalacağıq və bu vəsait hər ay bizə ödəniləcək, ya yox, amma hər halda dövlət qurumları bizim problemlərimizlə mütəmadi maraqlanırlar". 

1986-cı ildən bu binada yaşayan Fərrux Səmədov isə bildirib ki, dövlət qurumları operativ işləyirlər və ziyan dəymiş ailələrə tez-tez baş çəkirlər. "Əhalinin ehtiyacını təmin edirlər. Yanğının fəsadlarının və dəymiş ziyanın aradan qaldırılması üçün iş gedir. Dövlət binanın bütün sakinlərinin problemlərini diqqət mərkəzində saxlayır".

Binanın sakinləri isə kirayə ev tapa bilməməkdən gileylənirlər. Onların sözlərinə görə, daşınmaz əmlakın alqı-satqısı və kirayəsi ilə məşğul olanların bəziləri sakinlərə dövlətin 500 manat ödəməsindən xəbər tutduqdan sonra evin kirayə qiymətlərini bahalaşdırıblar və 500-550 manat ediblər. Sakin Qalib Quliyev deyib ki, hazırda ailəsi ilə kirayədə yaşayır və əvvəl kirayə haqqı 300-350 manat olan evi 500 manata tanışlıqla əldə edib.

Binanın digər bir sakini Habil İsmayılov isə gələcəkdə üzləşəcəkləri problemlərdən narahat olduğunu söyləyib: "Evim bütün əşyaları ilə birlikdə yanıb külə dönüb. Ailə üzvlərim başqalarının evində qalır. Dövlət tərəfindən 500 manat verilsə də, kirayə ev tapa bilmirik. Hələ bilmək olmaz, bu 500 manatı da bizə nə vaxta qədər verəcəklər. İndi qayğı göstərirlər, problemlərimizi diqqət mərkəzində saxlayırlar, mütəmadi olaraq dövlət qurumlarının nümayəndələri bizə baş çəkirlər, amma bir aydan sonra başımıza nə gələcək onu bilmirik". H.İsmayılov qeyd edib ki, yanğın zamanı evdə olan 4000 manat pul və qızıl-zinət əşyaları yanıb: "Yanğın başlayan kimi birinci uşaqları götürüb həyətə qaçdım. Sonradan pulumu götürmək üçün evə qalxmaq istəsəm də, binanı mühafizə edən polislər buna imkan vermədilər. Sonradan evə qalxanda gördüm ki, bütün əşyalar külə dönüb".

Yanan binanın sakinləri mətbuatdan da narazılıq ediblər. Zülfiyə İsmayılova deyib ki, televiziyalar binada iki mənzilin yanması barədə məlumat veriblər: "Mən oğlum üçün toy eləmişəm, evə gəlin gətirmişəm. Gəlinimin bütün cehizləri yanıb külə dönüb. Amma bizi narahat edən isə bəzi televiziyalarda verilən yalan məlumatlardır. Məlumat verilir ki, iki mənzil yanıb, axı burda iki mənzil yanmayıb, niyə yalan məlumat verirlər? Yanğından sonra üstümüz hiss-pas içində qohumumuzun evinə gedirdik. Hamı bizə kənardan baxıb gülürdü, kimisi sədəqə vermək istəyirdi. Axır dözməyib dilə gəldim, dedim biz nə qaraçıyıq, nə də dilənçi. Sadəcə evimiz yanıb deyə bu vəziyyətə düşmüşük, indi də qohumumuzun evinə gedirik. Bu sözü deyəndən sonra hamı gəldi üzr istədi"

Qeyd edək ki, Zığ şossesi 16 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binası aprelin 11-də axşam saatlarında yanıb. İlk olaraq fasadın üzlənməsi üçün qurulan taxta konstruksiyalar yanmağa başlayıb. Sonradan alov mənzillərə keçib və sakinlər təxliyə olunub. 

Son xəbərlər

Orphus sistemi