Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - YENİLƏNİB-2

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - YENİLƏNİB-2 Bu gün saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.
Hadisə
3 İyun , 2024 20:23
Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - YENİLƏNİB-2

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

20:03

Bakıda zavodda 5 nəfər qazdan zəhərlənərək ölüb, 2-si xəstəxanaya yerləşdiriib.

Bu barədə "Report"a TƏBİB-dən bildirilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00 radələrində ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub.

Hadisə yerinə dərhal 9 təcili tibbi yardım briqadası yönləndirilib.

5 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

19:29

Bu gün saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.

"Report" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.

Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:47 radələrində Xətai rayonunda “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda qaz balonunun partlaması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub: "Çağırış üzrə hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub".

Son xəbərlər

Orphus sistemi