Zərərçəkmiş məhkəmədə Maşallah Əhmədovdan pulunu tələb edib: "Əks halda cəzalandırılsın"

Zərərçəkmiş məhkəmədə Maşallah Əhmədovdan pulunu tələb edib: "Əks halda cəzalandırılsın" Məhkəmə ona yanvarın 30-na qədər vaxt verib
Hadisə
25 Yanvar , 2017 15:10
Zərərçəkmiş məhkəmədə Maşallah Əhmədovdan pulunu tələb edib: Əks halda cəzalandırılsın

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov yenə son sözlə çıxış etməkdən imtina edib. O, məhkəməyə 45 min manat pul gətirdiyini və onu zərərçəkmiş Yusif Əzizova vermək istədiyini bildirib: "Mənə ayın 30-na qədər vaxt verin, fikirləşim. Pul tapmaq asan deyil. Bu pulları da zorla tapmışam. Kimsə Yusifi öyrədib, ona görə də bizdən bu qədər pul tələb edir".

Y.Əzizov isə həmin məbləğlə razılaşmadığını söyləyib. Hakim M.Əhmədova bildirib ki, ona daha əvvəl 20 gün vaxt verilib.

M.Əhmədovun oğlu Tərlan Əhmədov da çıxış edərək, məhkəmədən vaxt istəyib: "Bizə vaxt verin. Hazırda üstümüzdə olan 45 min manatı zərərçəkmişə təqdim edirik. İmkanımız budur. Bizim bundan sonra 65 min manat düzəltmək imkanımız var".

Zərərçəkmiş isə yenə həmin məbləğlə razılaşmayıb: "128 min manatımı versin, əgər vermirsə hökm oxunsun".

Hakim bildirib ki, məhkəmə M.Əhmədovun çıxışını son söz kimi qəbul edib. Məhkəmə M.Əhmədova yanvarın 30-na qədər vaxt verib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında M.Əhmədovun 9 il nüddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Ötən il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Son xəbərlər

Orphus sistemi