Zərərçəkmiş Fərman Kərimzadənin oğlundan 30 min manatlıq ziyanın ödənilməsini tələb edib

Zərərçəkmiş Fərman Kərimzadənin oğlundan 30 min manatlıq ziyanın ödənilməsini tələb edib Növbəti proses martın 3-nə təyin edilib
Hadisə
22 Fevral , 2017 15:59
Zərərçəkmiş Fərman Kərimzadənin oğlundan 30 min manatlıq ziyanın ödənilməsini tələb edib

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İlahə Əliyeva ifadə verib.

O, Ə.Kərimzadəyə 30 min manat pul verdiyini deyib.

Ə.Kərimzadə isə zərərçəkmiş İ.Əliyevanın oğlu Kamran Əlizadə şahid kimi ifadə verməli olduğunu bildirib: “Kamranın anası ifadəsində gah 20, gah 25, gah da 30 min manat zərər çəkdiyini qeyd edib. Onun ifadəsi yalandır. Əgər oğlu ifadə versə, dindirilsə, yalan dediyi üzə çıxacaq".

İ.Əliyeva oğlunun Türkiyədə təhsil aldığı üçün məhkəmyə gələ bilmədiyini söyləyib: "Oğlum istintaqa ifadə verib".

Hakim zərərçəkmişə bildirib ki, istintaq başqa orqan olduğu üçün K.Əlizadə məhkəmədə ifadə verməlidir. İ.Əliyeva dindirilən zaman vurğulayıb ki, dəymiş zərərin ödənilməsini istəyib.

Ə.Kərimzadə isə yenə də məhkəmədən vaxt istəyib və zərərin ödəniləcəyini deyib.

Məhkəmə ona bu dəfə də vaxt verib. Bundan başqa, məhkəmədə məlum olub ki, 7 zərərçəkmişdən 3 ilə barışıq əldə edilib.

Növbəti proses martın 3-nə təyin edilib.

Qeyd edək ki, Ə.Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Ə.Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci il noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub. Bundan başqa, o, Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

Son xəbərlər

Orphus sistemi