"Akif Çovdarov işi"ndə zərərçəkmiş Türkiyədə axtarışa verilib - YENİLƏNİB

"Akif Çovdarov işi"ndə zərərçəkmiş Türkiyədə axtarışa verilib - YENİLƏNİB Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib
Hadisə
23 Noyabr , 2016 18:37
Akif Çovdarov işində zərərçəkmiş Türkiyədə axtarışa verilib - YENİLƏNİB

İlk xəbər saat 14:49-da verilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarovun vəkili Şahin Rəfiyev vəsatət verib.

O, cinayət işinə xitam verilməsini və müvəkkilinin saxlanıldığı təcridxanada görüşə icazə verilməsini istəyib.

Jurnalistlərə açıqlama verən vəkil Ş.Rəfiyev bildirib ki, vəsatət baxılmamış saxlanılıb.

Onun sözlərinə görə, ötən iclasda ifadə verən zərərçəkmiş Şahmar Qurbanov vəkillərin suallarını cavablandırıb: "Zərərçəkmiş guya Akif Çovdarova 500 min dollar, 2 ədəd 4 karatlıq və 1 ədəd isə 5 karatlıq brilliant verdiyini bildirdi. Lakin o, həmin pul və brilliantları harada verdiyini xatırlamadığını söylədi".

Vəkil qeyd edib ki, A.Çovdarov iki həkim nəzarətində məhkəməyə gətirilib: "Akif Çovdarov nəfəs almaqda çətinlik çəkdiyi üçün prosesdə fasilə elan olunub".

Daha sonra zərərçəkmiş Ş.Qurbanov jurnalistlərə açıqlama verib. O, bir ay bundan qabaq nə yediyini yadından çıxardığını bildirib: "Hadisənin üzərindən çox vaxt keçdiyi üçün onu necə xatırlayım? Mən 9 ədəd 1 karatlıq, 1 ədəd də 3 karatlığı Akif Çovdarova gətirmişəm. İki ədəd 4 karatlıq və bir ədəd 5 karatlıq brilliantı gətirəndə Akif Çovdarov dedi ki, bunlar da Eldar Mahmudova çatacaq. Ümumilikdə ona 300 min dollar dəyərində brilliant və 500 min dollar pul vermişəm. Həmin zərərin ödənilməsini istəyirəm".

Günün ikinci yarısında keçirilən prosesdə şahid qismində "Riad" Mühafizə Xidmətinin rəisi Etibar Qasımov ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Jurnalistlərə açıqlama verən A.Çovdarovun vəkili Kamandar Nəsibov qeyd edib ki, KİV nümayəndələrinin məhkəmə iclasına buraxılması ilə bağlı vəsatət verib: "Məhkəmə vəsatəti təmin etmədi".

Vəkilin sözlərinə görə, daha sonra şahid qismində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı İsgəndər Hüseynov dindirilib. K.Nəsibov bildirib ki, şahid zərərçəkmiş Ş.Qurbanovun Türkiyədə Hindistan vətəndaşlarına qarşı 100 min dollardan çox brilliantı dələduzluq yolu ilə ələ keçirdiyini deyib: "Həmin brilliantı Rusiyada satmaq istəyərkən əlindən alıblar. Şahid İsgəndər Hüseynov qeyd etdi ki, hazırda Şahmar Qurbanovun barəsində Türkiyədə axtarış elan edilib".

Daha sonra Ş.Qurbanov jurnalistlərə açıqlamasında şahid İ.Hüseynovun yalan danışdığını söyləyib: "Həmin şahid Akif Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Məhkəmədə hər şeyi yalan danışdı. Akif Çovdarova brilliantı xarici ölkədən onunla birlikdə gətirmişəm. Bunların hamısı Akif Çovdarovun göstərişi ilə olub. Həmçinin məni Akif Çovdarovun otağına İsgəndər aparıb".

Ş.Qurbanov vurğulayıb ki, Bakı şəhəri, Əhməli qəsəbəsində olan evini A.Çovdarovun göstərişi ilə İ.Hüseynovun arvadının adına keçirib.

Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Son xəbərlər

Orphus sistemi