Yuxarı
    Bağlamaq

    Zaqatalada ölümlə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

    Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

    Bakı. 10 iyun. REPORT.AZ/ Şəki Apellyasiya Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bilal Nəbiyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un məlumatına görə, hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Məhkəmə B.Nəbiyevi 6 il müddətinə azadlıqdan məhrum edib. Ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarılıb. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2017-ci il tarixdən hesablanıb.

    B.Nəbiyev barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalında həbs edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

    İttiham aktına əsasən, ölümlə nəticələnən ağır yol qəzası 2016-cı ilin iyul ayının 7-si axşam saat 22:30 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib. Rayonun Fındıqlı kənd sakini, 1972-ci il təvəllüdlü B.Nəbiyevin idarə etdiyi “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan yük daşıyan motosikletlə Aşağı Çardaqlar kənd sakini, 1973-cü il təvəllüdlü Bəxtiyar Mamayevin idarə etdiyi eyniadlı, dövlət qeydiyyat nişanı olmayan yük daşıyan motosiklet toqquşub.

    Qəza nəticəsində B.Nəbiyevin motosikletində sərnişin qismində olan, Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Pyotur Nikolayeviç Kuznesov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. B.Nəbiyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Digər motosikletin sürücüsü isə xəsarət almayıb.

    B.Nəbiyev Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

    Bu il fevralın 2-də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Nəbiyev 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum olunub. Hökmə görə, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanıb. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi