Yuxarı

Zakir Qaralov: "Bu ilin birinci yarımilində Azərbaycanda cinayətlərin açılma faizi artıb"

Zakir Qaralov: "Bu ilin birinci yarımilində Azərbaycanda cinayətlərin açılma faizi artıb"

Bakı. 30 iyul. REPORT.AZ/ İyulun 30-da Azərbaycanın Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə görülən işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov xüsusi vurğulayıb ki, aprelin 11-də ölkəmizdə keçirilmiş azad, ədalətli və şəffaf prezident seçkiləri zamanı xalqımızın son illərdə görülən işlərə yüksək dəyər verməklə həyata keçirilən strateji inkişaf xəttinə, dövlət siyasətinin davamlılığına, təhlükəsizliyə, sabitliyə, əmin-amanlığa səs verərək İlham Əliyevə yenidən etimad göstərməsi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu, strateji inkişaf konsepsiyasını uğurla həyata keçirən dövlət başçısına şəksiz inam və etibarın məntiqi nəticəsidir.

Ölkədə aparılan iqtisadi islahatların uğurlu nəticələri kimi 2018-ci ilin birinci yarısında “Cənub qaz dəhlizi”nin rəsmi açılışı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TANAP-ın açılışı, eləcə də Bakıda təntənəli hərbi paradın keçirilməsi, aprel döyüşlərindən sonra ordumuzun öz hərbi gücünü və qətiyyətini real şəkildə nümayiş etdirməsi nəticəsində Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi, müasir standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində “Formula - 1 Avropa Qran-Pri” yarışlarının və digər mötəbər tədbirlərin keçirilməsi müstəqil Azərbaycanın son 15 ildəki inkişaf göstəriciləri olmaqla, dövlət başçısı tərəfindən verilən bütün vədlərin uğurla yerinə yetirildiyini bir daha təsdiq edib.

Bildirilib ki, 2018-ci ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, hüquqi islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilib, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini verib. 

Davos Dünya İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci, ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı, rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdə olması müstəqil Azərbaycanın son 15 ildəki inkişaf göstəricisidir və əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil edib.

Azərbaycan Respublikası prokurorluğu orqanları öz səlahiyyət hədləri daxilində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə respublikamızın ayrı-ayrı bölgələrində, eləcə də Bakı şəhərində baş tutan və ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən bu tədbirlərin normal şəraitdə keçirilməsinin əsas şərtləri kimi ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması üzrə öz vəzifələrinin lazımi qaydada həyata keçirilməsini təmin edib.

Qeyd edilib ki, hesabat dövründə Prokurorluq tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Belə ki, 2018-cı ilin birinci yarımilində istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 12.844 cinayətin 93,8 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla, onların 89,4 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizi ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi