Bakı. 26 mart. REPORT.AZ/ “Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Mərkəzi Bankının (AMB) iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib.
“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 29-na təyin edilib.
İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Mərkəzi Bank “Yunayted Kredit Bank” ASC-ni məhkəməyə verib. AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Yunayted Kredit Bank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, bu il yanvarın 25-də AMB İdarə Heyətinin qərarı ilə “Yunayted Kredit Bank” ASC-nin lisenziyası ləğv edilib. Banka müvəqqəti inzibatçı təyin edilib.