Yuxarı
    Bağlamaq

    Hacıbala Abutalıbov: "Əgər binalara vurulan üzlüklər keyfiyyətsiz idisə, bəs buna nəzarət edən niyə baxmayıb?!"

    Yaxın günlərdə üzlüklərin sökülüb-sökülməməsi məlum olacaq

    Bakı. 20 may. REPORT.AZ/ "Yanan binanın sakinlərindən kimsə təklif edilən kotteclərə və yüksək səviyyəli evlərdə getmək istəməsə, onlara yenə də kirayə haqqı ödəniləcək". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

    Onun sözlərinə görə, sakinlərin əksəriyyətinə ilkin olaraq 1000 manat verilib və bu ilk addım idi: "Nəzərdə tutulan maddi yardım onlar evlərinə köçənə kimi veriləcək. Sakinlərə demişik ki, qohum evlərində yaşasalar da, nəzərdə tutulan kirayə haqqı veriləcək. Həmçinin ölənlərin yaxınlarına və yaralılara dövlət tərəfindən xüsusi müavinət veriləcək".

    Yanğının ilkin səbəblərinin istintaq tədbirlərdən sonra məlum olacağını deyən H. Abıtalıbov əlavə edib ki, araşdırma aparıldığından hələlik hansısa fikir söyləmək, versiya irəli sürmək düzgün olmaz: "Sabah axşama kimi müəyyən qərara gələ biləcəyik. Ehtimallar çoxdur. Ola bilər ki, material doğurdan da çox keyfiyyətsizdir. Belə olarsa, bəs buna nəzarət edən niyə baxmayıb?! Bütün bu işlərə həm idxal edən və həm də onu binaların üzünə vuran nəzarət etməli idi. Üzlüklər binalara 2-3 ildir ki, vurulur. Lakin bu günə kimi heç bir yanğın hadisəsi baş verməmişdi. Bəs niyə indi yandı, bax bu məsələ ciddi sual doğurur".

    H.Abutalıbov qeyd edib ki, Prezident İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib: "Bu müddətdə ekspertiza aparılacaq. Bakı şəhərinin bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük var. Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Suraxanı, Yasamal, Səbail bu sıraya aiddir. Bunların hamısından nümunə götürüləcək, laboratoriyadan keçirilərək ekspertiza olunacaq. Yekun sənəd sonda mənə təqdim olunacaq. Bundan sonra ictimaiyyətə konkret məlumat veriləcək. Bundan sonra biləcəyik ki, yanğın nədən baş verib. Bundan sonra binalardan üzlüklərin sökülüb-sökülməyəciyinə qərar veriləcək. Çünki müəyyən sənədlərdə bu materiallardan üzlük kimi istifadə oluna biləcəyi yazılmışdı. Həmin material dünyanın bir çox yerində, o cümlədən Türkiyədə, Rusiyada istifadə olunub. Həmin ölkələrdə üzlüklər birbaşa divara yapışdırılaraq ara məsafə saxlanılmır. Ara məsafənin özü də yanğının sürətlənməsinə səbəbdir. Səbəblər çoxdu, sadəcə istintaq araşdırmasının nəticələrini gözləmək lazımdır".

    Yanğın hadisəsinin I Avropa Oyunları öncəsi təxribat ola biləcəyi məsələsinə toxunan icra başçısı bildirib ki, bu ehtimal da araşdırılır: "Bunu da istisna etmək lazım deyil. Hadisənin baş verməsi bizim günahımızdır. Lakin əsas işimiz səbəbləri müəyyənləşdirməkdir. Konkret səbəbləri öyrənməliyik. Çünki üzlüklər çoxdan vurulub, amma son zamanlar ard-arda yanır. Prezident İlham Əliyevin göstərişi ilə üzlük vurulan bütün binaların qarşısına mühafizə qoyulub. İnsanlardan xahiş olunur ki, daha ayıq olsunlar. Çünki hazırda bütün dünyanın gözü Azərbaycandadır. Kimsə gəlib bizim ölkəni qoruyası deyil. Ona görə də əvvəlcə özümüz özümüzü qorumalıyıq".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi