Nazirin qardaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib

Nazirin qardaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib Samir Nəbiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib
Hadisə
21 İyun , 2017 11:17
Nazirin qardaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib

Bakı. 21 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əlikram Camalovun məhkəməyə gəlmədiyi elan olunub.

İclasda yalnız onun nümayəndəsi İmaməli Əsgərov iştirak edib.

Təqsirləndirilən S.Nəbiyevin vəkili Ceyhun Yusifov buna etiraz edib. O, Ə.Camalovun özünün prosesdə iştirak etməsinin təmin edilməsi barədə vəsatət qaldırıb.

Hakim bildirib ki, Ə.Camalov məhkəməyə ərizə təqdim edib: "O qeyd edib ki, hüquqlarını nümayəndəsinə etibar edib. Buna görə də Əlikram Camalov işə özünün iştirakı olmadan baxılmasını istəyib".

Vəsatət təmin edilib. Məhkəmənin növbəti iclasında Ə.Camalov iştirak edib, ifadə verəcək.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

S.Nəbiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Prokuror prosesə təqsirləndirilən şəxsin ifadə verməsi ilə başlanılmasını təklif edib. Bu isə mübahisəyə səbəb olub. Belə ki, vəkil C.Yusifov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü təqsirli bilmədiyi üçün ifadə almağa zərərçəkmişdən başlanılmalıdır.

Hakim isə bununla razılaşmayıb və ifadə verməyi təklif edib. S.Nəbiyev ifadə verməkdən imtina edib.

Məhkəmənin növbəti prosesi iyunun 23-nə təyin edilib.

İttiham aktına əsasən, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində isə qazancın yarısını nazirin qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə.Camalova pulu qaytarmayıb. Nazirin qardaşı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Daha sonra onun müraciəti araşdırıldıqdan sonra Nərimanov Rayon Prokurorluğunda 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.

Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi