Yasamalda “dovşan” deyən polis üzr istədi və işdən çıxarıldı

Yasamalda “dovşan” deyən polis üzr istədi və işdən çıxarıldı
Hadisə
44764
9 İyun , 2020 09:50
Yasamalda “dovşan” deyən polis üzr istədi və işdən çıxarıldı
Report/Elchin Murad

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd edilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib: "Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib".

Qeyd edək ki, Yasamal rayonunda polislərin üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmələri faktı ilə bağlı hadisəni törətməkdə şübhəli bilinən şəxslərin iyunun 8-də saxlanılması zamanı polis əməkdaşlarından biri yaşayış binasının qadın sakinini və ərini "dovşan" deməklə təhqir edib.

Əməliyyat zamanı asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfər saxlanılıb.