Yuxarı

Yarım milyon dollarlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Hakim valyutadəyişmə məntəqəsinin sahibinin yalan danışdığını açıqlayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər Əsban Hüseynov, Ruslan Hüseynov və Mövsüm Əsədov ifadə verib.

A.Eyvazov ifadəsində malların keyfiyyətsiz olması ilə bağlı Vüsal Cəfərov və Şövqi Həsənova məlumat verdiyini bildirib: "Lakin məlumatı şifahi şəkildə vermişdim. Bununla bağlı əlimdə heç bir sənəd yoxdur. Türkiyədən gətirilən 1 "TIR" yuyucu tozuna ümumilikdə 37150 manat, qab şampunu üçün 15500 manat, mərmər üçün 12 min manat və lampa üçün isə 45 minm manat pul ödədim. Eldəniz Axundovun Novxanıda olan villasına da mebellər gəlib. Qiyməti təxminən 300 min dollar olan mebellər üçün 75 min dollar rüsum ödədim".

R.Hüseynov dindirilən zaman bildirib ki, A.Eyvazovun mallarını saxladığı anbar ona məxsusdur: "Arazı tələbə yoldaşım Orxan Rəsulov vasitəsi ilə tanımışam. Balaxanı qəsəbəsi ərazisində bir neçə şəxsi anbarlarım var. 2012-ci ildə Orxan mənə gəlib dedi ki, ona anbar lazımdı. Mən də ən böyük anbarımı ona verdim. Bunun müqavilində 3 ay mənə pul verilmədi. 3 aydan sonra Arazı anbarda gördüm. Bundan sonra o, mənə ayda 500 manat pul verirdi. Son 2 ayın pulunu ödəmədikləri üçün onlardan 2 divan və kreslo aldım. Həmin anbarda "pampers", yuyucu tozu, lampa və mebellərin olduğunu görmüşdüm. Mən anbara mühafizəçi təyin edib, ona aylıq maaş ödəyirdim".

Hakim Azad Məcidov əvvəl keçirilmiş məhkəmə proseslərinin birində ifadə verən M.Əsədovla bağlı araşdırma apardıqlarını deyib. "Azercell"ə müraciət etdiyini deyən hakim şahid qismində dindirilən M.Əsədovun yalanlarının ortaya çıxdığını deyib: "Biz səninlə bağlı "Azercell"ə müraciət etdik. Sən bizə əvvəlki iclasda dedin ki, mənim bu işdən xəbərim yoxdur. Amma sənin Türkiyə vətəndaşları ilə mesaj yazışmaların və danışıqların bunun doğru olmadığını göstərir. Sən Türkiyəyə küllü miqdarda pullar göndərmisən. Sənin işini Baş Prokurorluğa göndərəcəyik. Məhkəmədə yalan danışıb bizi aldatmısan".

Valyutadəyişmə məntəqəsinin sahibi olduğunu deyən M.Əsədov pulları Türkiyəyə özünün apardığını deyib: "Mən heç bir yerə pul göndərməmişəm. Onlar mənə pulları verdilər, mən də apardım. Arazın isə mənə 70 min dollar verməsini xatırlamıram. Həftədə bir dəfə Naxçıvana, oradan isə Türkiyəyə gedib pulları deyilən ünvana çatdırırdım".

A.Eyvazov isə M.Əsədovun yenə yalan danışdığını bildirib: "Onun iş yeri Nərimanov rayonu ərazisində yerləşən "Muğan bank" arxa tərəfindədir. Mövsüm Əsədov orada hətta ev-alqı satısı ilə də məşğul olur. Mən ona 70 min dollar verdim ki, pulu Türkiyəyə aparsın. Bunun əvəzində isə ona 700 dollar pul ödədim".

Məhkəmə M.Əsədovun işini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərəcəklərini bildirib.

Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin edilib.

Xatırladaq ki, "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.

Hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi