Yuxarı

​Yarım milyon dollarlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Məhkəmənin növbəti iclası noyabrın 30-na təyin edilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid Orxan Abdıyev ifadə verib.

O.Abdıyev ifadəsində məhkəməyə gec gəlməsinin səsbəblərini açıqlayıb: "Rusiya Federasiyasında olduğum üçün məhkəməyə gələ bilmirdim. İki həftədir ki, Bakıdayam və mənə bu haqda yeni məlumat veriblər. Arazın yanında sürücü kimi çalışmışam. Ona məxsus olan "Mercedes" markalı avtomobili idarə edirdim. Sadəcə 3 ay işlədikdən sonra işdən ayrıldım. Həmin vaxt borcum var idi. Araz da mənə əməkhaqqı olaraq ayda 300-500 manat pul verirdi. Onun Türkiyədən mal gətirdiyini bilirdim. Xaricdən gələn mal isə Bakıda anbarlarda saxlanılırdı".

O, bildirib ki, A.Eyvazovun Eldəniz Axundov və Tağı Nağıyevə pul verdiyini görməyib: "Orxan Rəsulov, Eldəniz Axundov və Tağı Nağıyev Arazla birgə çalışırdı. O, əvvəlcə Orxan və Tağı ilə, daha sonra Eldənizlə işlədi. Bir neçə dəfə isə Arazın maşında oturub Orxana pul verdiyini görmüşəm. Onun Eldəniz və Tağıya pul verməsinə isə şahidlik etməmişəm. Araz Türkiyədən gətirilən malları satandan sonra həmin pulları Orxana verdiyini görmüşəm. Belə hallar dəfələrlə baş verib. Lakin həmin pulların məbləğindən xəbərsiz olmuşam".

Daha sonra hakim Azad Məcidov O.Abdıyevə deyib ki, A.Eyvazovun ilkin istintaq zamanı verdiyi ifadəsində E.Axundova 620 min dollar verdiyi göstərilib. O.Abdıyev isə həmin pulları A.Eyvazov həmin şəxsə onun yanında vermədiyini bildirib.

Hakim Azad Məcidov adı işdə hallanan və şahid qismində məhkəmədə ifadə verməsi olan Vüsal Cəfərovun məhkəməyə gətirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edəcəyini bildirib.

Məhkəmənin növbəti iclası noyabrın 30-na təyin edilib.

Xatırladaq ki, "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib. Orxan Rəsulov Şərur rayonun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu, Tağı Nağıyev isə Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğludur.

Hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi