Bakı. 14 mart. REPORT.AZ/ Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınan zaman öldürülən beş nəfərin meyiti Səhiyyə Nazirliyinin (SN) Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
"Report" xəbər verir ki, şöbədə meyitlər tibbi ekspertizadan keçirilib.
Məlumata görə, bu gün səhər saatlarından başlayan tibbi ekspertiza başa çatıb.
Qeyd edək ki, martın 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsi aşkar edilmiş və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilib. Qaranlıq və sıx dumanlıq şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının "dayan" çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq onlara qarşı silahlı müqavimət göstəriblər.
“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə tam uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq olunub, nəticədə sərhəd pozucularından 5 nəfər yaralanıb, 2 nəfər isə saxlanılıb. Dərhal hadisə yerinə gələn hərbi həkimlər qrupunun tibbi yardımına baxmayaraq yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb.
Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Browning” markalı tapança aşkar olunib.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev hadisə yerinə gedib.
Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.