Yardımlı rayonunun Honuba kəndi yaxınlığında meşə zolağında yanğın başlayıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən, təxminən 15 ha sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır. Bildirilib ki, ərazi mürəkkəb relyefli dağlıq ərazidə yerləşir.
Əlavə məlumat veriləcək.