Xocalı şahidləri: "İlk hücumda bütün evlər yandırıldı" - FOTO

Xocalı şahidləri: "İlk hücumda bütün evlər yandırıldı" - FOTO Goranboy. 26 fevral. REPORT.AZ/ Xocalıda baş verənlər bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. 27 il keçməsinə baxmayaraq Xocalı soyqırımı böyükdən kiçiyə hər kəsin qan yaddaşındadır.
Hadisə
653
27 Fevral , 2019 11:27
Xocalı şahidləri: İlk hücumda bütün evlər yandırıldı - FOTO
Report
0 : 00
0 : 00

Goranboy. 26 fevral. REPORT.AZ/ Xocalıda baş verənlər bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. 27 il keçməsinə baxmayaraq Xocalı soyqırımı böyükdən kiçiyə hər kəsin qan yaddaşındadır.

"Report"un Qarabağ Mərkəzinin könüllüləri fevralın 25-dən 26-a keçən gecə erməni vəhşiliklərindən canını güclə qurtaran ailələrlə həmsöhbət olublar.

Xocalı sakinlərinin bir qismi hazırda Goranboy rayonununda hündür mərtəbəli binalardan ibarət köçkün şəhərciyində məskunlaşıblar.

Qanlı faciənin canlı şahidləri o günləri xatırlamağın ağır olduğunu, həmin faciəni sözlə ifadə etməkdə çətinlik çəksələrdə gördüklərini və yaşadıqlarını "Report"un Qarabağ Mərkəzinin könüllüləri ilə bölüşüblər. 

Xocalı sakini Sürən Məmmədov: "Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olub. Fevralın 26-da  gecə saatlarında Xocalı ağır atıcı silahlardan atəşə tutuldu. Həmin gün hava dəhşətli soyuq idi qar yağmışdı. Xaçın çayını keçərək meşə yolu ilə Ağdam rayonuna üz tutduq. Həmin ərazidə ermənilər Xocalı sakinləri dəhşətli şəkildə qətlə yetirirdi. Oğlum, bacım, kürəkənim gözlərimin önündə öldürüldü. Bu dəhşətli anları heç vaxt unuda bilmirəm". 

Xocalı sakini Qaryağdı Quliyev: "Mən avtoqarajda mühafizəçi işləyirdim. 25-dən 26 keçən gecə Xankəndində yerləşən 366 alayının ağır zirehli texnkaları Xocalıya hücum etdi. 8 istiqamətdə şəhəri mühasirəyə aldılar. Gecə yaşıl fişəng atıldı. Ermənilər əvvəlcə Xocalı Aeroportunu ələ keçirdilər. İlk hücum zamanı şəhərdə yerləşən bütün evlər yandırıldı. Bununla bağlı Poçt vasitəsilə Ağdam və Şuşaya məlumat versək də heç bir cavab ala bilmədik. Sakinlər məcbur olub gecə saat 1-də şəhəri tərk etməli oldu. Qarlı havada yaşlı insanlar, qadınlar, körpə uşaqlar meşə yolu ilə qaçmağa çalışırdı. Səhərisi gün gördüyümüz mənzərə bizi şoka saldı. Erməni cəlladları tərəfindən təhqir olunmuş meyitlər. O mənzərəni gözümün önünə gətirə bilmirəm. Necə danışım?! Çox ağırdı o günləri xatırlamaq. İnsananların başı, qadınların döşləri kəsilmişdi, körpə uşaqlar ağıla sığmaz dərəcədə öldürülmüşdü. Həmin gecə ailə üzvlərimdən 4 nəfər - iki qızım, bir oğlum və qardaşım şəhid oldu".

Xocalı sakini Razim Mustafayev: "Həmin gün ermənilər dəhşətli vəhşiliklər etdilər. İnsanlığa sığmaz dərəcədə faciə törədildi. Qaynım Hüseyni öldürdükdən sonra qızıl dişlərini çəkib çıxarmışdılar, qadınlara süngü ilə işgəncə verib öldürürdülər. Mən çaydan keçəndə gördüm ki, qonşum Vaqifin arvadı və 3 oğlunun meyiti Xaçın  çayında qalmışdı. Ana üç oğlunu necə qucaqlamışdısa meyitlər suyun içində bir-birinə yapışıb qalmışdılar. Gecə çətinliklə gəldik Ağdam rayonuna. Sağ olsun Ağdam camaatı və könüllü döyüşçülər bizi qarşıladılar".

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım törədilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Hazırda Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması xarici siyasətimizin əsas istiqamətlərindən biridir.

Son xəbərlər

Orphus sistemi