Yuxarı

Xızıda hərbi hissə ətrafındakı ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi başa çatıb

Xızıda hərbi hissə ətrafındakı ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi başa çatıb
133 gün ərzində 25 846 ədəd partlamamış hərbi sursat aşkar edilib
© ANAMA

Bakı. 12 fevral. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri ilə birgə keçirdiyi təmizləmə əməliyyatları başa çatıb.

ANAMA-dan “Report”a verilən məlumata görə, fevralın 11-də partlayış baş vermiş 297 143 kv.m (29.71 ha) ərazi yoxlanılıb, partlamamış hərbi sursat, partlamış-yanmış sursat qalıqları və yandırma məhsulu aşkar edilməyib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi başa çatıb.

Ümumiyyətlə, 133 gün ərzində 12 evə, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəməri və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 25 846 ədəd partlamamış hərbi sursat (PHS), 20 298 ədəd partlamış-yanmış sursat qalıqları və 105 297 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 101 517 849 kv.m (10 152 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi