Yuxarı
    Bağlamaq

    Xırdalan sakini: "Avtobus oturacaqları o qədər çirklidir ki, gözümü yumub otururam"

    Sakinləri illərdir davam edən avtobus problemindən danışır© Report.az

    Xırdalan. 30 mart. REPORT.AZ/ Son illər Abşeron rayonunun Xırdalan şəhərində çoxlu sayda hündürmərtəbəli binalar tikilir və əhalinin sayı sürətlə artır. Əhalinin sıx məskunlaşması, infrastrukturun istənilən şəkildə qurulmaması bir sıra problemlərə gətirib çıxarır. Şəhərin ciddi problemlərindən biri isə hava yağıntılı olanda başlayır. Kanalizasiya sisteminin bərbad vəziyyətdə olması bir neçə dəqiqəlik güclü yağışın da fəsadlara yol açmasına səbəb olur. Xırdalan sakinlərinin yaşadıqları şəxsi evlərin həyətinə yığılan su günlərlə çəkilmir. Bu vəziyyəti aradan qaldırmaq üçün məsuliyyət daşıyanlar da həll yolunu şəhər əhalisinə verilən içməli suyu kəsməkdə görürlər. "Report" sadalanan problemləri deyil, əhalisi sürətlə artan şəhərin ictimai nəqliyyat sahəsində yaşadığı çətinlikləri araşdırıb.

    Avtobus gözləməkdən bezən sakinlər

    Ümumiyyətlə, Xırdalan əhalisinin əksəriyyəti Bakı şəhərində işləyirlər. Bundan başqa, tələbələr, uşaqlarını paytaxtda yerləşən orta məktəblərə aparan valideynlər də az deyil. Bütün bunların müqabilində isə Xırdalan şəhərinin girişindən sonuna qədər hərəkət edən sadəcə bir marşrut xətti (135 saylı) fəaliyyət göstərir. Marşrut avtobusları sadəcə Heydər Əliyev prospekti üzrə hərəkət edir. Şəhərin digər yerlərində yaşayanlar isə ya 119 saylı marşrut xəttindən istifadə edir, ya da mənzil başına piyada gedir. 119 saylı marşrut Xırdalan şəhərini tam olaraq əhatə etmədiyindən sərnişinlərin əksəriyyəti 135 saylı marşrut xəttindən istifadə edirlər. Dayanacaqda durmaqdan yorulan şəhər əhalisi ilə apardığımız söhbətdən onların Bakı şəhərinə gəlmək üçün həddindən artıq əziyyət çəkdikləri məlum oldu.

    Xırdalan şəhər sakini Sona Həsənova bildirib ki, hər gün işə getmək üçün ən azı yarım saat dayanacaqda gözləyir: "Nə qədər avtobus gəlsə də, dolu olduğundan minmək mümkün olmur. Yaşlıyam, sağlamlığım da yerində deyil. Qışın soyuğunda, yayın istisində avtobus gözləməkdən bezirəm. Artıq nə vaxtsa Xırdalanın avtobus probleminə bir çarə tapılacağına olan inamımı da itirmişəm".

    Səkinə Qorxmazova adlı digər sakin isə avtobusların həddindən artıq çirkli və istifadəyə yararsız vəziyyətdə olmasından gileylənib: "Avtobuslara daxil olanda insanlığımdan xəcalət çəkirəm. Allahın heyvanını da bu cür daşımazlar. Xırdalanda əhalinin sayı çox olduğu halda bu cür avtobuslar işə yaramır. Məsələn, arxa tərəfdə cəmi 12 oturacaq var. Onlardan da ikisi təkərin üzərindədir, qalxmaq çətindir. Təkərin yanındakı oturacaqlar da rahat deyil. Qalır 8 oturacaq, onların da oturacaqları ya sınıq, ya da çirkli vəziyyətdər. Ona görə də harada oturacağını bilmirsən. Bundan əlavə, paytaxta getmək üçün boş yer tapmaq məqsədilə avtobusa son dayanacaqdan əvvəl minib bütün şəhəri dolaşmaq məcburiyyətində qalıram. Əməliyyat keçirmişəm, ayaq üstə duracaq halda deyiləm. Avtobus problemindən yorulmuşam".

    Digər şəhər sakini Həsən Musayev də avtobusların çirkli, içərisində havanın ağır olmasından danışıb: "Onlarla adamı avtobusa doldururlar. Nəticədə nə oturmağa, nə də ayaqda durmağa yer olur. Oturacaqlar, tutacaqlar çirk bağlayıb, adam baxa da bilmir. Ürəyim bulanmasın deyə gözlərimi yumuram. İllərlə yuyulmayan oturacaqlarda bu qədər çirkin yığılması normaldır. Sərnişin yerə kağız atar, tum qabığı tökər. Amma avtobusların bu qədər çirk bağlamasına səbəb ola bilməz".

    Bir manatlıq taksilər, mikroavtobuslar

    Sərnişinlərin toplaşdığı dayanacaqda apardığımız müşahidələrdən əhalinin məcburən bir manatlıq taksilərdən və ya işdən evə qayıdan şəxsi mikroavtobusların xidmətindən istifadə etdikləri aydın olur. Onların sözlərinə görə, taksiləri kimin sürdüyünü bilməsələr, təhlükəsizliklərindən əmin olmasalar da, başqa çarələri yoxdur: 

    Qeyd edək ki, Xırdalan şəhərindən yalnız "Əcəmi" metro stansiyasına marşrut işləyir. Əhali harada işləməsindən asılı olmayaraq, məcburən metro və ya başqa marşrut vasitəsilə bura gəlir. Sakinlər deyib ki, illərdir bu vəziyyətdən beziblər: "135 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar heç olmasa səliqəli, təmiz olsa, dözmək olar. Bu da yoxdur. Hər bir evdə stulda bir il oturulandan sonra üzərinin parçası çirklənir. On illər ərzində minlərlə sərnişinin istifadəsində olan avtobuslar yuyulmasa, hansı hala düşdüyünü təsəvvür etmək çətin deyil".

    BNA problemin həlli üçün xüsusi strateji tədbirlər planı hazırlayaraq hökumətə təqdim edib

    Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a vurğulayıb ki, qaldırılan problemlə bağlı həmin marşrut xəttinin istifadəsini həyata keçirən daşıyıcı ilə əlaqə saxlanılacaq və çatışmazlığın aradan qaldırılması ilə bağlı qarşısında tələb qoyulacaq: "Biz daşıyıcılar qarşısında dəfələrlə bu tələbləri qoyuruq. Əgər yeni avtobuslar alıb-gətirməyə imkanınız yoxdursa, heç olmasa hazırda istifadədə olan nəqliyyat vasitələrini əsaslı təmir edin. Sınıq oturacaqları düzəltmək, yarasız hala düşümüş oturacaq örtüklərini yeniləmək mümkündür və bunlara daşıyıcıların maddi imkanları da çatır. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları həmin marşrut xətti üzrə hərəkət edən avtobuslara baxış keçirəcəklər. Fakt təsdiqini taparsa, çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar veriləcək. Əgər daşıyıcı xəbərdarlıqlara məhəl qoymursa, nəqliyyat vasitəsinin bu cür istismarını davam etdirirsə, bir-iki xəbərdarlıqdan sonra istənilən nəticə əldə olunmursa, həmin marşrut xəttinin istismarı daşıyıcıdan alınır".

    Onun sözlərinə görə, Bakıətrafı kənd və qəsəbələrdən şəhər mərkəzinə gələn avtobusların bir çoxunda hazırda sıxlıq müşahidə edilməkdədir: "Problemin aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bakı Nəqliyyat Agentliyi Bakıətrafı kənd və qəsəbələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətlərinin keyfiyyətini artırılması ilə bağlı xüsusi strateji tədbirlər planı hazırlayıb və hökumətə təqdim edib. Sənəd təsdiq olunduqdan sonra həmin istiqamətdə iş aparılacaq və problem mərhələli şəkildə həllini tapacaq".

    BNA rəsmisi həmin marşrut xəttinin "Bakubus" MMC-yə verilib-verilməməsi məsələsinə də aydınlıq gətirib: "MMC-nin üstün cəhəti onun dövlət müəssisəsi olması və nəqliyyat vasitələrinin təzə, müasir olmasındadır. Ən əsası da "Bakubus" MMC-də sadəcə biznes maraqlarını deyil, sosial maraqları da üstün tuturlar. 135 saylı marşrut xətti də daxil olmaqla digər daşıyıcılar isə sosial maraqları deyil, biznes maraqlarını üstün tuturlar. Xəttə ya az avtobus buraxırlar, ya da istifadə etdikləri nəqliyyat vasitələrinin təmirindən müəyyən formada yayınırlar. Daşınma sahəsində xidmət göstərənlər üzərlərinə bir sosial məsuliyyətin düşdüyünü də dərk etməlidirlər".

    M.Ağayev qeyd edib ki, Xırdalan şəhərinə əlavə marşrutların açılması məsələsi onların səlahiyyətində deyil: "Bu məsələlər Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tənzimlənməlidir". 

    Abşeron Rayon İcra Hakimiyyətindən, eləcə də Xırdalan Şəhər İcra Nümayəndəliyindən isə bildiriblər ki, onlar bu məsələlərlə məşğul olmurlar.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi