Yuxarı
    Bağlamaq

    Xətaidə yanan binaya görə tutulan şirkət rəhbərinin məhkəməsində daha bir zərərçəkmiş ifadə verib

    Məhkəmənin növbəti iclası oktaybrın 24-nə təyin edilib

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Oktay Vəliyev ifadə verib.

    O, hadisə zamanı evlərinin yandığını deyib. Zərərçəkmiş M.Vəliyevi tanımadığını, heç bir şikayətinin olmadığını söyləyib: "Bunların nə günahı var? Günahkar başqasıdır".

    O.Vəliyev təqsirləndirilən şəxsə müraciət edərək özünü günahkar sayıb-saymadığını soruşub.

    M.Vəliyev isə özünü təqsirli bilmədiyini, hadisə zamanı ölkədə olmadığını deyib.

    Məhkəmənin növbəti iclası oktaybrın 24-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

    Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

    Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    N.Muxtarov saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

    F.Sadıqov məhkəmə iclasında deyib ki, "TNH" şirkətinin rəhbəri deyil. O, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirərək, "TNH" şirkətinin gerçək rəhbərinin Məmməd Vəliyev olduğunu söyləyib.

    Həmin vaxtı isə Məmməd Vəliyev ölkəni tərk etmişdi. Məhkəmə onun prosesə məcburi gətirilməsi ilə bağlı qərar da çıxarıb.

    M.Vəliyevin vəkili Ceyhun Yusifov "Report"a açıqlamasında deyib ki, təqsirləndirilən şəxs hadisə baş verərkən ölkədən qaçmayıb: "Məmməd Vəliyev yanğınla bağlı cinayət işi açılmamışdan 4 ay əvvəl iş üçün ölkədən gedib. Azərbaycana isə könüllü şəkildə qayıdıb. 2 ay əvvəl isə həbs edilib".

    M.Vəliyev CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Sadıqov və Z.Əşrəfov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilərək, onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

    N.Muxtarovun cinayət işinə isə xitam verilməsi barədə hökm çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi