Xətai Rayon Məhkəməsində özbaşına tikinti aparmaqda təqsirləndirilən Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, O.Hüseynov Cinayəıt Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediib.
İttihama görə, O.Hüseynov Bakı şəhəri, Xətai rayonu, Naximov qəsəbəsi, Dənizçi küçəsi 15 ünvanında inşa etmək istədiyi fərdi yaşayış evini 12 mişar daşı hündürlüyündə qaldırıb.
Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti və digər aidiyəti qurumların vəzifəli şəxsləri ona inşa etdiyi evin qanunsuz tikildiyini və buna görə də, evin sökülməli olduğunu bildiriblər.
Ötən ilin fevral ayında Xətai Rayon İcra Hakimiyyətinin işçiləri həmin evi sökməyə başlayıb.
Bu zaman O.Hüseynov etiraz olaraq üzərinə benzin tökərək özünü yandırıb. Həmin vaxt orada olan qonşular və polis əməkdaşları onu söndürüblər.