Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olan azərbaycanlı Emin Mahmudovun və ailə üzvlərinin nəşi hadisə baş verən ərazidə qalıb.
Bu barədə “Report”a Emin Mahmudovun qardaşı Ramin Mahmudov məlumat verib.
O bildirib ki, qardaşının, həyat yoldaşının və qardaşının qayınanasının nəşini ərazidən götürmək və dəfn etmək mümkün olmayıb:
“Artıq 10 gündür qardaşımgilin meyitləri həyətdə qalıb. Onlar yaşayan kəndə giriş məhdudlaşdırılıb. Biz meyitlərin Azərbaycana gətirilməsini istəyirdik, amma mümkün olmasa elə yaşadıqları həyətdə dəfn edilməsini istərdik. Hazırda orada vəziyyət pis olduğuna və nə qədər davam edəcəyinə görə dəqiq bir söz demək olmur”.
Qeyd edək ki, martın 5-də Emin Mahmudovun yaşadığı evə raket düşüb. Nəticədə ev sahibi, onun həyat yoldaşı və qayınanası həlak olub. Onların 3 övladı isə sağ qalıb.