Yuxarı

​Səməd Səmədovun qarmon çalanının qarmonunu oğurlamaqda təqsirləndirilən şəxsin cinayət işinə xitam verilib

Cinayət işi üzrə Səbuhi Quliyevin təqsirləndirilən şəxs qismində və Elnur Bəkirovun zərərçəkmiş şəxs qismində statusları ləğv edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Səməd Səmədovun ansamblının üzvü, qarmon ifaçısı Elnur Bəkirovun 5 min manatlıq qarmonunu oğurlamaqda təqsirləndirilən Səbuhi Quliyevin cinayət işinə xitam verilib. Bu barədə "Report"a Səbuhi Quliyevin vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, 2014-cü il sentyabrın 26-da Elnur Rasim oğlu Bəkirov ərizə ilə Binəqədi Rayon Polis İdarəsi (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edib. O, müraciətində bildirib ki, naməlum avtomobildə 5 min manat dəyərində olan qarmonu və 150 manatlıq ekvolayzer cihazı oğurlanıb. Həmin fakta görə, 2014-cü ilin oktyabrın 9-da Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb: "Hüquqlarını müdafiə etdiyim Səbuhi Əlfəs oğlu Quliyev cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulub və həmin maddə ilə ona ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunub. Amma onun Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham edilməsinə kifayət qədər sübutlar olmadığından ona ittiham elan etmək mümkün olmayıb. Kifayət qədər sübut olmadığından və şübhə kifayət qədər əsaslı olmadığından Səbuhi Əlfəs oğlu Quliyev Binəqədi RPİ-nin Müvəqqəti Saxlama Yerindən azad edilməklə və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2015-ci il fevralın 12-də onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və şübhəli şəxs statusunun üzərindən götürülməsi barədə qərar qəbul edilib və yekunda cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilib.  

Eyni zamanda, cinayət işi üzrə Səbuhi Quliyevin təqsirləndirilən şəxs qismində və Elnur Bəkirovun zərərçəkmiş şəxs qismində statusları ləğv edilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi