Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır: "Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".
Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.