Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.
“Report” xəbər verir ki, bununla bağlı Səbail RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb.
Qeyd edək ki, X.Bayramova 2019-cu ilin aprelində intihar edən şagird Elina Hacıyeva "işi”ndə adı hallanan şəxslərdən biri olub.
Eyni zamanda, bu il may ayının 4-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma zamanı müəyyən edilib ki, X.Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib.
Qeyd edilənlərlə bağlı X.Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlər görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.