Xaçmazda həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb

Xaçmazda həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
14 Oktyabr , 2017 16:31
Xaçmazda həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Hafiz Gülməmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, H.Gülməmmədovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun üç il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilmə) maddəsi tətbiq edilməklə 2 ilə endirilib.

Qeyd edək ki, hadisə 2016-cı il avqustun 6-da Xaçmaz rayonu, Fərzəlioba kəndində baş verib. Küçədə təsadüfən rastlaşdığı sərxoş vəziyyətdə olan Natiq Davudovla H.Gülməmmədovun arasında mübahisə düşüb. Daha sonra o, üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə N.Davudovun bir dəfə qarın nahiyəsindən və iki dəfə boğazından vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan H.Gülməmmədovun barəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçiləri apellyasiya şikayəti veriblər. Onlar hökmün dəyişdirilərək H.Gülməmmədov barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla cəzanın şərti hesab olunması barədə qərar qəbul edilməsini xahiş ediblər. Bundan başqa, müdafiəçi CM-nin 70-ci maddəsinin tətbiq edilməsinin mümkün olmadığı təqdirdə, həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi