Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Xaçmazda sinif yoldaşı tərəfindən bıçaqlanan şagirdin fiziki və psixoloji vəziyyətinin diqqətdə saxlanıldığı bildirilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi A.Nəsrullayev sinif yoldaşı K.Orucova evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
M.Qəribovun sözlərinə görə, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
“Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmasını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad olunmasını xahiş edirik”, - idarə rəsmisi deyib.
Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.
"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər 9-saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.
K.Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.