Xaçmaz rayonun Yergüc kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, Xaçmaz – Quba avtomobil yolunun Yergüc kəndindən keçən hissəsində Üçgün kənd sakini 1970-ci il təvəllüdlü Hafizov Elçin Bahəddin oğlu yolu keçərkən “Opel” markalı minik avtomobili onu vurub.
E.Hafizov aldığı müxtəlif dərəcəli xəsarətlərdən hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Avtomobildə olan sərnişinlər – 1989-cu il təvəllüdlü İbrahimov Eldəniz Musa oğlu və 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Babək oğlu müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.