Rüşvətə görə həbs edilən TSEK sədrinin məhkəməsi başlayır

Rüşvətə görə həbs edilən TSEK sədrinin məhkəməsi başlayır Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib
Hadisə
18 Fevral , 2021 16:59
Rüşvətə görə həbs edilən TSEK sədrinin məhkəməsi başlayır

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

​Bildirilib ki, xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş K.Məmmədov və digərlərinin qanunsuz əməlləri ilə bağlı vətəndaş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə K.Məmmədovun həmin vəzifədə işləyərkən ayrı-ayrı vaxtlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin “Həkim Sanitar Xidmətinin Bakı Dəmir Yol Xəstəxanası” MMC-nin Stasionar şöbəsinin müdiri və eyni zamanda həmin xəstəxananın Həkim-məsləhət komissiyasının sədri vəzifəsində işləmiş S.Həsənov, Bakı şəhəri, tibb işçiləri K.Babayeva, İ.Rzaquliyeva və M.Əsgərovla qabaqcadan əlbir olaraq müxtəlif vətəndaşlara əlillik dərəcələrinin təyin olunmasına köməklik göstərilməsi məqsədilə rüşvət müqabilində qanunsuz qiymətləndirmə və qeyri-obyektiv müayinələrin aparılması yolu ilə saxta tibbi sənədlər hazırlayıb müvafiq sistemə daxil etməsinə, habelə yol verdiyi həmin qanunsuz hərəkətləri qarşılığında ümumilikdə 4 şəxsdən cəmi 12 min 200 manat pul vəsaitini şəxsən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında K.Məmmədov və qeyd edilən digər şəxslərə Cinayət Məcəlləsinin müvafiq olaraq 308.1 (vəzifə səlahiyətlərindən sui-istifadə etmə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin başqa vəzifəli şəxslərinin qanunsuz əməlləri və sair faktlar üzrə cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaqı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi