Vətəndaşlara özünü vəzifəli şəxs kimi təqdim edən şəxsin cəzası artırılıb

Vətəndaşlara özünü vəzifəli şəxs kimi təqdim edən şəxsin cəzası artırılıb Hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
15 Fevral , 2017 16:35
Vətəndaşlara özünü vəzifəli şəxs kimi təqdim edən şəxsin cəzası artırılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Şəki Apellyasiya Məhkəməsində dələduzluqda və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə təqsirləndirilən Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Cəlil Xəlilovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş çatıb.

“Report”un məlumatına görə, hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, C.Xəlilovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilədək artırılıb.

Bundan başqa, hökmdən C.Xəlilovun zərərçəkmiş şəxslər - Mollayeva Gözəl Abdulməcid qızına, Bayramova Gülbika Gülliyevnaya, Musayeva Gülafət Hacı qızına, Eminova Rahilə Abdulməcid qızına, Məmmədova Rahilə Abdulla qızına, Kərimov Təhmiraz Əyyub oğluna, Qarakişiyev Şirin Cəlil oğluna, Hacıyeva Tanzilə Mehdi qızına, Sultanova Solmaz Abdulməcid qızına, Əhmədova Kəmalə Hacı qızına, Qomurov Elşən Sadiq oğluna, Xəlilov Məmmədrəsul Abduxalıq oğluna, Xəsmədov Nəsimi Şahruddin oğluna, Taşrayeva Şahnaz Ramaz qızına, Kərimov Şeyix Yusif oğluna, Əlibeqov Rauf Ramazan oğluna, Aslanova Elfanə Rizvan qızına və Muradov Muhiddin Murad oğluna qarşı törətdiyi dələduzluq epizodları üzrə “xeyli” sözü çıxarılıb. Hökm qalan hissədə ona münasibətdə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, C.Xəlilov qabaqcadan bir qrup şəxslə - Bayram Atayev və Xoşbəxt Babayevlə əlbir olub, özünü vəzifəli şəxs kimi təqdim edərək 2012-ci ilin oktyabr ayında Balakən və Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində mənzilləri yararsız vəziyyətə düşən sakinlərə ev tikməklə bağlı yalançı vədlər verib. C.Xəlilov, B.Atayev və X.Babayev 2012-ci ilin dekabr ayından 2013-cü ilin iyun ayınadək olan müddət ərzində Balakən və Zaqatala rayonunun 27 nəfər sakininin ümumilikdə 77 min 700 manat və 2000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçiriblər.

Hər üç şəxs Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham ediliblər.

Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli hökmü ilə C.Xəlilov 4 il 6 ay, B.Atayev 6 il 6 ay, X.Babayev isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdəın narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti və prokuror isə apellyasiya protesti verərək, birinci instansiya məhkəməsinin C.Xəlilov barəsində olan hökmünün dəyişdirilməsini və onun cəzasının artırılmasını istəyiblər.

Xatırladaq ki, C.Xəlilov “Qanun və Təhqiqat” qəzetinin baş redaktoru vəzifəsində işləyib. 

Son xəbərlər

Orphus sistemi