Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçirilir

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçirilir Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir
Hadisə
5 Mart , 2021 10:18
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçirilir

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.

“Report” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilən imtahanda iki növbəli olaraq ümumilikdə 280 namizəd iştirak edir.

Üç saat ərzində davam edəcək imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur. Bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Azərbaycanda vəkillərin sayının artırılmasına maraqlıdırlar və bu proses daim davam edəcək:

"İmtahanda iştirak edən ən yaşlı namizəd 72, ən gənc isə 23 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 65%, Respublikanın digər regionları üzrə isə 35%-dir.
Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 13%-i xarici, 87%-i yerli ali təhsil müəssisələrində təhsil alıblar. Bu siyahıda ilk yeri 44% ilə Bakı Dövlət Universiteti tutur.
Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 65%-ni təşkil edir. Qadın namizədlər 21%, kişi namizədlər isə 79%-dir. İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər dəvət olunub".

Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində məlumat veriləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub. 2018-ci ildən indiyədək 6 dəfə yazılı test imtahanı keçirilib və nəticədə vəkillərin sayı 931 nəfərdən 1844 nəfərədək artıb.

Son xəbərlər

Orphus sistemi