Vəkil: "O, ləğv edilmiş MTN əməkdaşlarının qanunsuz dinləmələri nəticəsində həbs edilib"

Vəkil: "O, ləğv edilmiş MTN əməkdaşlarının qanunsuz dinləmələri nəticəsində həbs edilib" Ali Məhkəmədə keçiriləcək iclas fevralın 22-nə təyin edilib
Hadisə
18 Fevral , 2017 15:58
Vəkil: O, ləğv edilmiş MTN əməkdaşlarının qanunsuz dinləmələri nəticəsində həbs edilib

Bakı. 18 fevral. REPORT.AZ/ Dələduzluqda təqsirli bilinərək həbs edilən Oqtay Əlisgəndərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bu barədə "Report"a onun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkilin sözlərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas fevralın 22-nə təyin edilib. Şikayətə Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

İttiham aktına əsasən, O.Əlisgəndərov 2013-cü ildə "Zirvə Yolu" qəzetinin redaktoru vəzifəsində işləyərkən yaxın münasibətdə olduğu Bərdə şəhər sakini Kərimov Elçin Rəcəb oğlunun vasitəsi ilə tanıdığı Məmmədov Qəfər Yaqub oğlunun etibarından sui-istifadə edib. O, Q.Məmmədovun oğlu Anar Məmmədovu 4000 manat pulun müqabilində yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon şöbəsinə müvafiq işə təyin etdirmək imkanı olduğuna inandırıb. İttiham aktında göstərilib ki, O.Əlisgəndərov bunun üçün 2013-cü ilin avqust ayında Q.Məmmədovun Sumqayıt şəhər parkı ərazisində 4000 manat pulunu aldatma yolu ilə ələ keçirib.

O.Əlisgəndərov Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il sınaq müddəti olmaqla, 8 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi prokurorun protestini təmin edib. Məhkəmənin hökmü ilə O.Əlisgəndərov 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Vəkil B.Hacıyev "Report"a bildirib ki, müvəkkili O.Əlisgəndərov Q.Məmmədovdan aldığı 4000 min manat pulu daha sonra zərərçəkmiş şəxsə qaytarıb: "Hüquqlarını müdafiə etdiyim şəxs Ali Məhkəmənin hakimi Ramiz Rzayevə məktubla müraciət edib. O, məktubunda qeyd edib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları onun telefon danışıqlarına qanunsuz olaraq qulaq asıblar və pulu qaytardıqdan sonra zərərçəkmiş Qəfər Məmmədova şikayət etməsi üçün təzyiq göstəriblər. Bundan sonra Qəfər Məmmədov ondan şikayət edib. Oqtay Əlisgəndərovun cinayət işi üzrə zərərçəkmişin razılığı olmadan istintaq orqanı tərəfindən suni şəkildə cinayət tərkibinin yaranmasına və bundan sonra keçmiş MTN rəhbərliyinin sifarişinə əsasən cinayət təqibibinin aparılması barədə ardı-arası kəsilməyən təsirlər müvəkkilimin məhkum olunmasına şərait yaranıb. Bununla bağlı müdafiə tərəfi hesab edir ki, əgər şəxs könüllü olaraq öz əmlakını təqsirləndirən şəxsə vermişdirsə və sonuncu onun etibarından sui-istifadə edərək onun əmlakını ələ keçirdməsinə baxmayaraq, cinayət işi başlanmasına qədər və ya aparılan cinayət təqibinin başa çatana qədər könülü olaraq əmlakı zərərçəkənə könüllü olaraq qaytarılmasını könüllü cinayətdən imtina kimi qəbul olunmalıdır".

B.Hacıyev qeyd edib ki, O.Əlisgəndərovun zərərçəkmiş Q.Məmmədova pul qaytarmamağı ilə bağlı anoloji olaraq, hüquq-mühafizə orqanlarına müraciət olunmayıb: "Müvəkkilim ləğv edilmiş MTN əməkdaşlarının qanunsuz dinləmələri nəticəsində həbs edilib".

Son xəbərlər

Orphus sistemi