Vəkil keçmiş MTN generalı barəsində mətbuatda yer alan yazılara münasibət bildirib

Vəkil keçmiş MTN generalı barəsində mətbuatda yer alan yazılara münasibət bildirib “Cəmşid Novruzovun bu obyektdən istifadəsini “təsdiq edən” hər üç “sənəd” saxtadır”
Hadisə
17 Noyabr , 2016 18:58
Vəkil keçmiş MTN generalı barəsində mətbuatda yer alan yazılara münasibət bildirib

Bakı. 17 noyabr. REPORT.AZ/ Vəkil Valeriy Vəliyev mətbuatda onun da adı hallanan “MTN generalı oğluna 4,5 milyonluq əmlakı 305 min manata alıb” başlıqlı yazıya münasibət bildirib.

Vəkil “Report”a açıqlamasında xatırladıb ki, yazıda Cəmşid Novruzovun adından iddia olunur ki, “ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov tanışları Adil Atakişiyev, Elçin adlı şəxs və vəkili Valeriy Vəliyevin (yəni mənim) iştirakı ilə saxta sənədlərdən istifadə etməklə faktiki olaraq uzun müddət C.Novruzovun istifadəsində olmuş Bakı şəhəri, Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 94A ünvanında yerləşən qeyri-yaşayış obyektini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, S.Qurbanov C.Novruzovun bağını, onun maşınını, anasının, həyat yoldaşının və öz adına olan bank hesablarındakı pulları hədə-qorxu ilə ələ keçirib. Bu işlə əlaqədar, A.Atakişiyev, V.Vəliyev, E.Qurbanzadə və Elçin adlı şəxsin barəsində hazırda cinayət təqibi gedir. Vəkil V.Vəliyev isə S.Qurbanovun müdafiəçiliyindən uzaqlaşıdırılıb. Cəmşid Novruzovun şikayəti əsasında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən ləğv edilmiş MTN-in və digər qurumların vəzifəli şəxsləri qulluq səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları üzrə Cinayət Məcəlləsinin (CM) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə istintaq aparılır”.

V.Vəliyev yazıda yer alan faktlarla razılaşmadığını vurğulayıb: “Hesab edirəm ki, qarşı tərəfin mövqeyini öyrənmədən bu qərəzli və qeyri-obyektiv yazının yayımlanması KİV haqqında qanunvericiliyin tələblərinə ziddir, həqiqəti əks etdirmədiyi üçün onu yayan KİV-lər təkzib verməlidir. Ondan başlayaq ki, Cəmşid Novruzov özü kimdir? Novruzov Cəmşid Şoqu oğlu 2 oktyabr 1972-ci ildə anadan olub, orta məktəbi çətinliklə bitirib, tərcümeyi halında 1990-1998-ci illərdə Gəncə kənd təsərrüfatı İnstitutunun mexanika və elektronika fakültəsində təhsil almasını göstərsə də, diplomu yəqin ki, saxta olduğundan üzə çıxarda bilməyib. Atası Novruzov Şoqu Hüseyn oğlu sovet dövründə Gəncə şəhərində yerləşən Silikobeton zavodunun direktoru olub. 1988-ci ildə həmin zavodun bazasında təsis edilmiş Sovet-Avstraliya “Razvitiye” birgə müəssisəsinin direktoru olub. Daha sonra birgə müəssisəyə Türkiyəli tərəfdaş cəlb olunmaqla Sovet-Türkiyə-Avstraliya birgə müəssisəsinə, SSRİ dağılandan sonra isə Azərbaycan-Rusiya-Türkiyə-Avstraliya “Razvitiye” birgə müəssisinə çevrilib. İndi heç bir xarici tərəfdaşı olmadığına və təsisçisi kimi isə Şoqu Novruzov göstərilməsinə baxmayaraq həmin təşkilat eyni adla qalır və Gəncədə vergi uçotundadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyul 1997-ci il tarixli hökmü ilə Şoqu Novruzov Azərbaycan-Rusiya-Türkiyə-Avstraliya “Razvitiye” birgə müəssisinin əmlakını saxta sənədlər düzəltməklə mənimsədiyinə və vergiləri ödəməkdən yayındığına görə köhnə CM-nin 88-1-ci maddəsi , 157-2-ci maddəsinin 2-ci hissəsi və 194-cü maddəsinin 2-ci hissəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə Gəncə şəhər prokurorluğu Cəmşid Novruzova da sənədlərin saxtalaşdırılması və vəzifədən sui-istifadə etməyə görə “Razvitiye”nin baş direktorunun müavini kimi köhnə CM-in 167-ci maddəsinin 2-ci hissəsi və 172-ci maddəsi ilə ittiham elan etmiş və yalnız amnistiya aktı ilə barəsində cinayət işinə xitam verilib. Novruzovun qaynı Mehdiyev Elmir Maqbet oğlu Muğanbankın sahibi Əhməd Vəliyevin kürəkənidir. Məhz bu qohumluq sayəsində Cəmşid Novruzov həmin bankda idarə heyətinin sədr müavini və kredit komitəsinin cədri kimi məsul vəzifələr tutmuşdur. Lakin tamah burda da ona güc gəlib, yenə də saxta sənədlər düzəldərək vergidən yayındığına görə 28.09.2004-cü ildə həbs edilib, ona CM-nin 320.1 və 213.4-cü maddələri ilə ittiham elan edilmişdir. Novruzov Cəmşid bu dəfə də canını qurtara bilib. Təxminən 8 ay həbsdə qaldıqdan sonra Qubadlı rayon məhkəməsinin 03 may 2005-ci il tarixli qərarı ilə dövlət büdcəsinə vurduğu ziyanı tam ödədiyinə görə barəsində olan cinayət işinin icraatına xitam verilib və həbsdən azad edilib. Bundan bir neçə ay sonra isə “Royalbanka” işə düzəlmişdir. Novruzov burda da köhnə şakərindən əl çəkməyib, bankın sahibi Ali Camın etibarından sui-istifadə edərək onu da aldatmağa başlamışdır. Ayrı-ayrı adamların adına kreditlər sənədləşdirərək pulları mənimsəyib. Cəmşid Novruzovun fırıldaqlarının üstü açıldıqdan sonra Ali Cam onu işdən qovub və banka vurduğu ziyanı ödəməsini tələb edib, əks təqdirdə barəsində toplanmış materialları hüquq mühafizə orqanlarına göndərəcəyini bildirib. İlkin olaraq atası Şoqu Novruzovun şəxsi maşınının sürücüsünü qanunsuz olaraq “Royal Bank” ASC-nin Tovuz filialının əməkdaşı kimi sənədləşdirərək uzun müddət bankın hesabına ona əmək haqqı verməsi faktına dair toplanmış materiallar Ali Camın göstərişinə əsasən tədbir görülməsi üçün Tovuz rayon prokurorluğuna göndərilib. Bundan dərhal sonra əl-ayağa düşən Novruzov banka vurduğu ziyanı tam ödəyəcəyinə söz verib, hətta ağsaqqallarını, o cümlədən hörmətli Əhməd Vəliyevi minnətçi salıb ki, Ali Cam topladığı materialları prokurorluğa göndərməsin. Məhz bu xahişlərdən sonra Ali Cam Cəmşid Novruzovun banka vurduğu ziyanı ödəyəcəyi təqdirdə onunla sülhlə ayrılmağa söz verib. Bundan sonra Novruzov Cəmşid Ali Camla razılaşaraq anasının adına bankın Beyləqan filialında depozitə qoyduğu 476 000 manat pulu, qızı Nigar Novruzovanın adına bankın Nərimanov filialında olan 80 min manat depoziti, həyat yoldaşının adına rəsmiləşdirilən Mərdakan qəsəbəsindəki bağını, özünün adına olan “Motor” Müəssisəsini, sürücüsü Məmmədov Etibar Murtuzəli oğlunun adına olan Lexus LX570 markalı 90HS100 nömrə nişanlı avtomaşını bankdan mənimsədiyi pulların əvəzinə banka verməyə söz verib. Maşınla, Motor müəssiəsi istisna olmaqla sözünə əməl edib. Maşınla əlaqədar yuxarıda adı qeyd olunan Əhməd Vəlliyeviin oğlu Munir Vəliyev Əli Cama zəng edərək Cəmşidin ona borclu olmasınıı bildirib və maşını həmin borcun əvəzinə götürməsini deyib. Bunu mənə Ali Cam özü deyib. DYP-nin arayışından da görünür ki, avtomobil doğrudan da etibarnamə ilə 11 mart 2011-ci ildə Vəliyev Munir Əhməd oğluna verilib. “Motor” müəssiəsinin heç bir əmlakı olmadığı məlum olduğundan onun da sənədləşdirilməsi başa çatdırılmayıb. Vergilər Nazirliyinin arayışından görünür ki, həmin müəssisə 25 avqust 2006-cı ildən bu günədək Cəmşid Novruzovun adınadır. Anası Rəna Həbib qızı Novruzovanın adına bankın Biləsuvar filialında olan depozit hesabındakı 476370,42 manat pulun əslində Rəna xanıma heç bir aidiyyəti yoxdur. Bu pullar 13 may 2009-cu ildə Zülfüqarov Hüseynağa Məmmədhüseyn oğlu və 17 mart 2010-cu ildə Cəfərov Araz Əli oğlunun hər birinə illik 7 faizlə verilmiş hərəsinə 200.000, cəmi 400.000 manat kənd təsərrüfatı kreditidir. Həmin pulları Cəmşid Novruzov illik 22 faizlə banka qoyaraq gəlir əldə etmək istəyib. Beləliklə, 2011-ci ilin noyabr ayında faizlərlə birlikdə 476370,42 manat olub. Həmin məbləğ 14 noyabr 2011-ci ildə Novruzovanın hesabından çıxarılıb və qəpiyinə kimi həmin gün Zülfüqarov Hüseynağa Məmmədhüseyn oğlu və Cəfərov Araz Əli oğlunun kredit borclarını bağlamaq üçün banka köçürülüb. Qızı Nigar Novruzovanın adına bankın Nərimanov filialında olan 80 min manat depozit 23 dekabr 2011-ci ildə cıxarılıb və həmin gün hesabdan hesaba Cəmşidin yaxın qohumlarının Novruzova Zərəfşan Şoqu qızı, Novruzov Novruz Rüfət oğlu, Novruzov Rüfət Şoqu oğlu və Atayev Akif İnqilab oğlunun bankın Gəncə filialında olan kredit borclarını bağlamaq üçün köçürülüb. Nəhayət, Cəmşid Novruzovun Bakı şəhərinin Zabitlər Parkının yanında Mərdanov qardaşları küçəsi 94A ünvanında yerləşən qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə aid hər-hansı hüquq verən sənədi yoxdur. Məhz buna görə də yayılan məlumatda Novruzovun mülkiyyətində olan deyil, faktiki olaraq uzun müddət istifadəsində olmuş qeyri-yaşayış obyekti yazılır. Novruzovun bu obyektdən istifadəsini “təsdiq edən” onun tərəfindən təqdim edilmiş üç “sənəd”in üçü də saxtadır.

1) AR MN Zabitlər Evinin rəisi adından 19 oktyabr 2009-cu il tarixli 122 saylı arayış –

AR Müdafiə Nazirliyinin sorğuma verdiyi cavaba görə belə sənəd Zabitlər Evi tərəfindən verilməmiş, orada adı göstərilən rəis Rəşad Abuzərov 2014-cü ildə bu vəzifəyə təyin olunmuş, həmin vaxt rütbəsi polkovnik-leytenant olub;

2) MN-in Zabitlər Evi ilə “Razvitiye”BM-nin 1990 ya 1991-ci il tarixli icarə müqaviləsi -

AR MN Mənzil-İstismar İdarəsinin arayışına görə nə AR MN Zabitlər Evi, nə də MN digər təşkilatı “Razvitiye” BM ilə heç bir icarə müqaviləsi baqlamayıb və Birgə Müəssisə tərəfindən heç bir ödəniş aparılmayıb;

3) AR Gəncə prokurorluğunun böyük müstəntiqi tərəfindən 1998-ci ildə verilmiş arayış.

Şoqu Novruzov barəsində Gəncə şəhər prokurluğunda istintaq edilib və Ali Məhkəmədə baxılmış yuxarıda qeyd etdiyim cinayət işində və hökmdə Bakı şəhəri Zabitlər bağının yanında yerləşən, “Razvitiye” BM-in balansında olan bina barəsində heç bir məlumat yoxdur”.

Vəkil qeyd edib ki, Zabitlər bağındakı qeyri-yaşayış obyekti faktiki olaraq Royalbankın sahibi Ali Cama məxsus olmaqla onun tərəfindən satılıb: “Həmin obyektin hazırda həbsdə olan MTN əməkdaşı Sübahir Qurbanovun oğluna satılmasını bilən Cəmşid Novruzov və onun vəkili Kamandar Nəsibov bu faktdan faydalanmaq qərarına gəliblər. MTN barəsində cinayət işi başlandıqdan bir müddət sonra 2016-cı ilin əvvəlində Kamandar Nəsibov məni öz ofisinə dəvət etdi. Nəsibov mənə bir siyahı təqdim etdi və bildirdi ki, bu siyahıda yazılan əmlakları Sübahir Qurbanov zorla Cəmşid Novruzovun əlindən alıb. Sən Sübahirin vəkilisən, ona de qoy Cəmşidin əmlakını qaytarsın. Mən Kamandar Nəsibova dedim ki, bu məsələlərin Sübahir Qurbanova heç bir dəxli yoxdur. Bu məsələlər Ali Camla Cəmşid Novruzov arasında olub, əgər istəyirsə mən vasitəçilik edib onları calaşdıra bilərəm. Bu görüşdən sonra mən Ali Camla danışdım və ona məsələni izah etdim. Ali Cam dedi ki, Cəmşidin nə problemi varsa, qoy mənə zəng etsin danışaq. Mən bir neçə gündən sonra bir də Kamandarın yanına gedib Ali Camın dediklərini çatdırdım. Kamandar Nəsibov mənim yanımda telefonla kiminləsə danışdı və dedi ki, Cəmşid Ali Camla danışmaq istəmir. Kamandar dedi ki, Ali Cam bizə maraqlı deyil, o, xaricdədir. Bizə Sübahir maraqlıdır. O, həbsdədir və əmlakı da ondan tələb edirik, o da qaytarmalıdır. Yeri gəlmişkən, Kamandar Nəsibov özü mənə deyib ki, söhbət etdiyi bütün adamların danışığını yazır və yəqin ki, bizim danışığımızın yazısı da onda var. Mənimlə danışıqdan bir müddət sonra Kamandar Nəsibov Cəmşid Novruzovun nümayəndəsi kimi Zabitlər bağındakı obyektlə bağlı məsələni 1 saylı inzibati-iqtisadi məhkəmədə qaldırdı, məhkəmə onların bu məsələyə aidiyyətinin olmaması səbəbindən iddianı təmin etmədi. Onlar eyni vaxtda prokurorluğa da ərizə veriblər və bu ərizə əsasında məni prokurorluqda şahid qismində dindiriblər. Mən bütün bildiklərimi ifadəm də göstərmişəm. Kamandar Nəsibov bu yazını KİV-də yerləşdirməklə istintaq sirrini yayıb istintaqa təsir etmək məqsədi güdür”.

Son xəbərlər

Orphus sistemi